Qırğızıstan hakimiyyəti sakinləri Bişkeki tərk etməyə çağırdı
Qırğızıstanın paytaxtı Bişkek sakinlərindən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı və Dünya Köçəri Oyunlarının açılışı dövründə şəhəri müvəqqəti tərk etmələri xahiş olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov "Facebook" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, sammit günlərində xarici nümayəndə heyətlərinin hərəkəti ilə əlaqədar Bişkekin mərkəzində nəqliyyatın hərəkəti mütəmadi olaraq məhdudlaşdırılacaq.
Alagözov bildirib ki, şəhərdə məktəblər və ali təhsil müəssisələrində yeni tədris ili sentyabrın 15-də başlayacaq. Bu səbəbdən hakimiyyət sakinlərə avqustun sonu və sentyabrın əvvəlini İssık-Kul gölü sahilində və ya digər istirahət məkanlarında keçirməyi tövsiyə edib.
ŞƏT dövlət başçılarının Zirvə toplantısı avqustun 30-dan sentyabrın 1-dək Bişkekdə təşkilatın yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək. Sammitdə 21 ölkənin liderinin iştirakı gözlənilir.
Qeyd edək ki, ŞƏT 15 iyun 2001-ci ildə Şanxayda təsis olunub. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan və İrandır.
Dünya Köçəri Oyunları isə avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək. Təşkilatçılar yarışlarda 90-a yaxın ölkədən nümayəndələrin iştirak edəcəyini gözləyirlər.
17:19 07.07.2026
Oxunuş sayı: 50