Tramp: Ərdoğan olmasaydı, NATO Zirvəsinə qatılmazdım
Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı iki ölkə arasındakı münasibətlər barədə danışıb.
Crossmedia.az xəbər verir ki, Tramp Türkiyə ilə ABŞ arasındakı əlaqələri "təqdirəlayiq" adlandırıb.
ABŞ Prezidenti Ərdoğanın rəhbərliyi altında Türkiyənin hərbi baxımdan güclü dövlətə çevrildiyini vurğulayıb.
"Prezident Ərdoğan çox yaxşı iş görür. Türkiyə hərbi baxımdan çox güclü ölkəyə çevrilib. Onun hərbi texnikası və ordusu yüksək səviyyədədir. Türkiyə uzun illərdir bizim etibarlı müttəfiqimizdir", – deyə Tramp bildirib.
O qeyd edib ki, görüşdə ticarət, müdafiə sənayesi, İran məsələsi və digər regional mövzular müzakirə olunacaq.
ABŞ Prezidenti F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı suala cavabında isə bu məsələnin müzakirə ediləcəyini bildirib.
"Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. F-35-lər dünyanın ən yaxşı döyüş təyyarələridir və biz bu məsələni müzakirə edəcəyik", – deyə Tramp qeyd edib.
Tramp həmçinin Ərdoğanla şəxsi münasibətlərinə toxunaraq, aralarında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu vurğulayıb.
ABŞ Prezidenti çıxışında NATO müttəfiqlərinin bir qismini də tənqid edib. Onun sözlərinə görə, alyansın müdafiəsi üçün ABŞ uzun illər böyük maliyyə vəsaiti ayırsa da, bəzi Avropa ölkələri Vaşinqtona kifayət qədər dəstək verməyib.
"Əgər Prezident Ərdoğan olmasaydı, mən bu NATO Zirvəsinə qatılmazdım. Bu sammitin Türkiyədə keçirilməsi böyük əhəmiyyət daşıyır", – deyə Tramp bildirib.
O, həmçinin İtaliya, Almaniya və Fransanı ABŞ-ın gözlədiyi səviyyədə dəstək verməməkdə tənqid edib.
17:02 07.07.2026
Oxunuş sayı: 58