Ədalət kölgəsində qalan futbol: FİFA tənqid hədəfində
Meydanda verilən qərarların kabinetlərdə dəyişdirilməsi futbolun əsas prinsipləri ilə bağlı ciddi suallar doğurur. Qaydaların hamı üçün eyni tətbiq olunması idmanın təməl şərti hesab olunsa da, son günlər FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqla bağlı qərarı beynəlxalq futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
UEFA bu qərarı "presedentsiz və əsassız" adlandıraraq sərt etirazını bildirib. İddialara görə, prosesə siyasi müdaxilənin də olması qalmaqalı daha da böyüdüb. Beləliklə, milyonlarla azarkeşin izlədiyi dünya çempionatı bu dəfə meydandakı mübarizədən çox, futbolun idarə olunmasında şəffaflıq və ədalət prinsipləri ətrafında yaranan suallarla gündəmə gəlib.

Veteran futbolçu Aslan Kərimov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, böyük futbol qurumlarının qərarlarında bəzən şəffaflıq problemi müşahidə olunur və bu hadisə də yerli komandaya göstərilən jest təsiri bağışlayır:
"İstənilən yarışın və turnirin əsasnaməsi olur. Həmin əsasnamədə qaydalar açıq şəkildə göstərilir. Mən uzun illərdir futbolu izləyirəm və indiyədək qırmızı vərəqənin sonradan ləğv edilməsi ilə bağlı belə bir halı xatırlamıram. Ola bilər ki, hansısa istisna olub, amma mən rast gəlməmişəm. İstər ölkə çempionatlarında, istərsə də nüfuzlu beynəlxalq turnirlərdə buna bənzər qərarlar verilməyib. Bu səbəbdən də atılan addımı doğru hesab etmirəm."
Onun sözlərinə görə, qırmızı vərəqənin ləğv edilərək futbolçuya şərti cəza tətbiq olunması yalnız növbəti oyunda iştirakını təmin etmək məqsədi daşıyır ki, bu da ciddi suallar yaradır:
"Komanda həmin oyunu da uduzdu. Bunun nə faydası oldu? Məncə, UEFA-nın etirazı əsaslıdır. Belə məsələlərdə əsas prinsip yarışın ədalətini qorumaqdır. Fərqi yoxdur, yerli komanda və ya qonaq komanda olsun, hamıya eyni qaydalar tətbiq edilməlidir."
Aslan Kərimov qeyd edib ki, əgər belə bir hüquqi mexanizm həqiqətən də mövcuddursa, bu barədə turnir başlamazdan əvvəl məlumat verilməli və qayda bütün iştirakçılara eyni şəkildə şamil edilməli idi:
"Əgər əsasnamədə belə bir müddəa varsa, bunu əvvəlcədən açıqlamalı idilər. Üstəlik, həmin imkan yalnız bir komandaya deyil, bütün iştirakçılara aid edilməli idi. Bu qaydanın ilk dəfə məhz ev sahibi komandanın futbolçusuna tətbiq edilməsi futbol ictimaiyyətində haqlı olaraq ədalətsizlik təəssüratı yaradır."
Veteran futbolçu ABŞ Prezidenti Donald Trampın bu qərarda rolunun olub-olmaması barədə fikir yürütməyin çətin olduğunu da bildirib:
"Bu məsələdə prezidentin hər hansı təsirinin olub-olmadığını deyə bilmərəm. Bununla bağlı məlumatım yoxdur. Amma verilən qərar kənardan ədalətsiz görünür və gələcəkdə oxşar hallarla bağlı yeni mübahisələr yarada bilər. Dünya çempionatı hələ başa çatmayıb. Sabah başqa bir komandanın futbolçusu qırmızı vərəqə alanda eyni güzəşti tələb edərsə, həmin vaxt hansı qərar veriləcək? Təbii ki, qırmızı vərəqənin hansı səbəbdən verildiyi də nəzərə alına bilər. Ancaq bütün bunlar əvvəlcədən müəyyənləşdirilməli və əsaslandırılmalı idi."
Nigar Xəlilli
12:00 07.07.2026
Oxunuş sayı: 421