Çin nüvə potensialına malik raketi sualtı qayıqdan sınaqdan keçirib
Çin Hərbi Dəniz Qüvvələri atom sualtı qayığından qitələrarası ballistik raketin təlim buraxılışını həyata keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, raket Cənubi Sakit okean akvatoriyası istiqamətində buraxılıb.
Çinin Müdafiə Nazirliyi raketin və sualtı qayığın hansı modifikasiyaya aid olduğunu, eləcə də raketin düşdüyü ərazinin koordinatlarını açıqlamayıb. Bununla belə, qurum şərti hədəfin uğurla vurulduğunu bildirib.
Məlumata görə, bu, 1982-ci ildən bəri Çin sualtı qayığından nüvə potensialına malik, lakin döyüş başlığı olmayan raketin ilk rəsmi təsdiqlənmiş sınağıdır.
Raket sınağı Asiya-Sakit okean regionunda etirazlara səbəb olub. Avstraliya Pekinin addımını regional sabitliyi pozan hərəkət kimi qiymətləndirərək Çini strateji arsenalını gizli şəkildə genişləndirməkdə ittiham edib.
Yeni Zelandiya Cənubi Sakit okean akvatoriyasında belə raket sınaqlarının keçirilməsini qəbul etmədiyini bəyan edib.
Yaponiya isə raketin uçuş trayektoriyası və mümkün təhlükə barədə xəbərdarlığın buraxılışdan cəmi bir neçə saat əvvəl edilməsinə etirazını bildirib. Tokio bunu fövqəladə xidmətlərin təhlükəsizlik tədbirlərini vaxtında görməsinə mane olan amil kimi qiymətləndirib.
14:42 06.07.2026
Oxunuş sayı: 55