Ermənistan hökuməti erməni diasporunun fəaliyyətini zəiflətmək istəyir
Ermənistan mətbuatında yayılan məlumata görə Ermənistanda ölkə hüdudlarından kənarda daimi yaşayan vətəndaşların seçkidə səs verməsinə qadağa qoyulub. Seçki Məcəlləsinə edilən müvafiq dəyişikliklər parlament tərəfindən ikinci və yekun oxunuşda qəbul edilib. Mütəxəssislər hesab edir ki, seçki hüququ fundamental hüquqlardan biri olsa da, beynəlxalq hüquq müəyyən hallarda bu hüquqa məhdudiyyətlərin tətbiqinə imkan verir. Bununla yanaşı, belə qərarların qanuni məqsədə xidmət etməsi və ayrı-seçkiliyə yol açmaması əsas şərt hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hüquq elmləri doktoru Vüsalə Əhmədova bildirib ki, seçki hüququ həm ölkələrin konstitusiyaları, həm də beynəlxalq hüquq normaları ilə qorunur: "BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı"nın 25-ci maddəsi hər bir vətəndaşın əsassız məhdudiyyətlər olmadan səsvermə və seçilmək hüququnu tanıyır. Lakin bu hüquq mütləq xarakter daşımır və "əsassız məhdudiyyətlər olmadan" ifadəsi müəyyən hallarda məhdudiyyətlərin tətbiqinə hüquqi əsas yaradır".

Hüquqşünas qeyd edib ki, bir sıra ölkələr rezidentlik və ya daimi yaşayış meyarını əsas götürərək xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdırırlar: "Bu zaman əsas arqument kimi həmin şəxslərin ölkənin iqtisadi və sosial həyatında birbaşa iştirak etməməsi, vergi ödəməməsi və qəbul olunan qərarların nəticələrini gündəlik yaşamaması göstərilir. Beynəlxalq hüquqda bu məsələyə dair vahid yanaşma yoxdur və dövlətlər müəyyən şərtlərlə belə məhdudiyyətlər tətbiq edə bilirlər. Ermənistanın bu qərarının əsas məqsədi xaricdə yaşayan böyük erməni diasporunun ölkədaxili siyasi proseslərə təsir imkanlarını azaltmaqdır. Hökumət seçkilərin nəticələrinin daha çox ölkə daxilində yaşayan əhalinin iradəsini əks etdirməsini istəyir. Seçki hüququna tətbiq olunan hər bir məhdudiyyət qanuni məqsədə xidmət etməli, obyektiv və əsaslandırılmış olmalı, proporsionallıq prinsipini pozmamalı və ayrı-seçkiliyə səbəb olmamalıdır".
Zeynəb Həsən
12:00 06.07.2026
Oxunuş sayı: 61