Azərbaycan–Özbəkistan təhsil əməkdaşlığının yeni mərhələsi - Təhlükəsizlik və iqtisadi səmərəlilik
Ukraynanın Xarkov şəhərində baş vermiş raket hücumu nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynovanın həyatını itirməsi bir daha acı şəkildə göstərdi ki, müharibə şəraitində olan ölkələr artıq xarici tələbələr üçün təhlükəsiz və əlverişli təhsil məkanı olmaqdan çıxıb. Bu faciə təkcə fərdi itki deyil, eyni zamanda qlobal miqyasda təhsil miqrasiyasının istiqamətlərinin dəyişməsini sürətləndirən ciddi siqnaldır. Hazırda dünyada davam edən münaqişələr və geosiyasi gərginliklər təhsil almaq məqsədilə xaricə gedən gənclərə ciddi təhlükələr yaradır, onları daha stabil və təhlükəsiz ölkələr axtarmağa vadar edir. Xüsusən təhsil üçün Rusiya və Ukraynaya üz tutan abituriyent sayı ciddi şəkildə azalıb. Bu başadüşüləndir çünki insanlar təhsil üçün daha təhlükəsiz, daha perspektivli dövlətlərə üz tuturlar. Müharibə olan dövlətlər hazırda peşəkar təhsil platforması olmaq iqtidarında deyil.
Bu gün bir çox abituriyent seçimi Mərkəzi Asiya respublikaları, xüsusilə də Özbəkistan və Qazaxıstan olur. Bu dövlətə yönələn abituriyent və tələbə axını əhəmiyyətli dərəcədə artıb. Bu dəyişiklik təsadüfi deyil. Özbəkistan son illərdə təhsil sistemində həyata keçirdiyi islahatlar, beynəlxalq standartlara uyğunlaşma, müasir infrastruktur quruculuğu və əlverişli təhsil şəraiti sayəsində regionun ən cəlbedici təhsil mərkəzlərindən birinə çevrilmişdir. Özbək universitetləri yüksək keyfiyyətli proqramlar, müasir laboratoriyalar, ingilis dilində tədris, beynəlxalq akkreditasiya və nisbətən aşağı xərclər təklif edərək həm yerli, həm də xarici tələbələr üçün geniş imkanlar yaradır. Həmçinin bütün bunlarla yanaşı Özbəkistan-Azərbaycan arasındakı humanitar sahədə həyata keçirilən layihələr, əməkdaşlığımız da buna rəvac verir. Dövlət başçıları - Prezident İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin müxtəlif beynəlxalq təşkilatlarda olan görüşləri, səfərləri iki dövlətin münasibətlərini daha da gücləndirir, əməkdaşlıq perspektivlərini daha da genişləndirir. Məhz bu kontekstdə Özbəkistanın təhsil sisteminin üstünlükləri, Azərbaycan tələbələri üçün yaratdığı yeni perspektivlər və bu istiqamətdəki trendin gələcək inkişafı bu araşdırmanın əsas mövzusunu təşkil edir.
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir: “Ölkələrimiz arasında bir çox sahələrdə çox sıx əməkdaşlıq mövcuddur və sevindirici haldır ki, bu əməkdaşlıq gündən-günə daha da genişlənir, daha da möhkəmlənir. Bu gün Azərbaycanlı tələbələr də təhsil almaq üçün tədricən Mərkəzi Asiya ölkələrinə, xüsusilə də Özbəkistana üstünlük verməyə başlayırlar. Bu da Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafının mühüm göstəricilərindən biridir. Ümumiyyətlə, hər iki ölkənin liderləri təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Özbəkistan universitetləri də sürətlə inkişaf edir, maddi-texniki bazasını gücləndirir və öz potensialını daha da artırır”.

Deputat qeyd edib ki, bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyinin şahidiyik: “Həqiqətən də, Özbəkistanın təhsil sahəsində əldə etdiyi uğurlar hər birimizi sevindirir. Biz Azərbaycanlı tələbələrin təhsil üçün Özbəkistanı seçməsini yüksək qiymətləndiririk və hesab edirik ki, bu göstərici gələcəkdə daha da artmalı, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq daha da genişlənməlidir”.
Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Mərkəzi Asiyanın, xüsusən də Özbəkistanın təhsil reytinqlərində sürətli yüksəlişi və son illərdə azərbaycanlı abituriyentlərin bu ölkəyə kütləvi axını tamamilə rasional, iqtisadi və akademik əsaslara söykənən bir trenddir: “Özbəkistanda aparılan irimiqyaslı təhsil islahatları, xüsusən də Böyük Britaniyanın Westminster və Cənubi Koreyanın Inha kimi dünya nəhənglərinin rəsmi filiallarının fəaliyyət göstərməsi azərbaycanlı tələbələrə regional qiymətlərlə birbaşa Avropa və Asiya diplomu qazanmaq imkanı yaradır. Bundan əlavə, "New Uzbekistan University" kimi yeni nəsil yerli elit müəssisələr ABŞ-nin MIT və Almaniyanın TUM universitetləri ilə birbaşa kurikulum tərəfdaşlığı edərək mühəndislik və İT sahələrində ən müasir ingilisdilli təhsili təklif edir. Bu ölkəni abituriyentlər üçün hazırda ən məsləhətli alternativ edən əsas faktor isə unikal "qiymət-keyfiyyət" balansıdır; belə ki, təhsil haqları və yaşayış xərcləri Avropa ilə müqayisədə 3-4 dəfə daha ucuzdur, qəbul şərtləri əsasən imtahansız həyata keçirilir, dil, mədəniyyət və din yaxınlığı isə tələbələrin adaptasiya problemini tamamilə aradan qaldırır”.

İ.Orucov qeyd edib ki, iki ölkə arasındakı yüksək səviyyəli strateji humanitar sazişlər fonunda Özbəkistan universitetlərinin diplomları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və nostrifikasiya prosesində heç bir hüquqi problem yaratmır: “Özbəkistan ali təhsil müəssisələri yüksək büdcə xərclərindən qaçaraq beynəlxalq standartlarda mühəndislik, biznes, İT və ya tibb təhsili almaq istəyən azərbaycanlı abituriyentlər üçün hazırda regionun ən cəlbedici və tam tövsiyə olunan təhsil mərkəzləridir”.
INGLA İnternational Education and Training Center-in icraçı direktoru Rza Babayev açıqlamasında qeyd edib ki, ilk növbədə, Özbəkistan universitetləri münasib təhsil haqqı ilə keyfiyyətli ali təhsil almaq imkanı yaradır: “Bir çox universitetdə tələbələr üçün ödənişsiz və ya çox sərfəli yataqxana imkanları mövcuddur ki, bu da ailələrin xərclərini əhəmiyyətli dərəcədə azaldır. Özbəkistan bizim qardaş ölkəmizdir. Azərbaycanla Özbəkistan arasında həm diplomatik, həm də dostluq münasibətləri çox güclüdür. Ən önəmlisi isə dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və dəyərlərimiz bir-birinə çox yaxındır. Buna görə də azərbaycanlı tələbələr yeni mühitə çox qısa zamanda uyğunlaşırlar və özlərini rahat hiss edirlər. Bundan əlavə, Özbəkistan hazırda regionun ən sürətlə inkişaf edən ölkələrindən biridir. Təhsil sahəsində də böyük islahatlar həyata keçirilir, universitetlər beynəlxalq əməkdaşlıqlarını genişləndirir və müasir təhsil standartlarını tətbiq edirlər”.

R.Babayev qeyd edib ki, Özbəkistan universitetlərinin ən böyük üstünlüklərindən biri də beynəlxalq tanınan diplom və ikili diplom proqramlarıdır: “Bir çox universitet Avropa universitetləri ilə əməkdaşlıq edir və tələbələr mübadilə proqramlarında iştirak edərək həm Özbəkistan, həm də Avropa universitetinin diplomunu əldə etmək imkanı qazanırlar. Praktik yönümlü təhsil, beynəlxalq tələbə mühiti, müasir kampuslar və tələbələr üçün yaradılan geniş imkanlar Özbəkistanı xaricdə təhsil almaq istəyən gənclər üçün ideal seçimlərdən birinə çevirir. Əgər siz də münasib büdcə ilə keyfiyyətli təhsil almaq, beynəlxalq tanınan diplom əldə etmək və gələcəyinizə güclü yatırım etmək istəyirsinizsə, Özbəkistan universitetləri sizin üçün doğru seçim ola bilər. Qeyd etmək istəyirəm ki, biz INGLA İnternational ETC olaraq Özbəkistan ali təhsil müəssisələrinin Azərbaycanda 3 təhsil sərgisini keçirmişik. Bu sərgilər abituriyentlərin Özbəkistan universitetləri ilə daha yaxından tanış olmasına, təhsil imkanlarına daha yaxşı bələd olmalarına xidmət edir. Biz təhsil şirkəti olaraq Özbəkistan universitetləri ilə yüksəksəviyyəli əməkdaşlıq həyata keçiririk. Bu əməkdaşlıq çərçivəsində Özbəkistanın nüfuzlu universitetlərinə abituriyent göndəririk. Abituriyent və tələbələr də Özbəkistan universitetlərinin təhsil xidmətinin keyfiyyətindən öz razılıqlarını daima bildirirlər".
Ayhan
13:00 06.07.2026
Oxunuş sayı: 83