Türkiyədə Azərbaycan, Türkiyə və Misirin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən "Anatolian Eagle 2026" beynəlxalq aviasiya təlimi başa çatıb.
Crossmedia.az xəbər verir ki, təlim bir neçə gün ərzində Türkiyədəki hərbi hava bazalarından birində keçirilib və Misirlə Türkiyə arasında hərbi əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Təlimlər nəzəri məşğələlərlə başlayıb. Bu mərhələdə iştirakçılar əməliyyat konsepsiyalarını uyğunlaşdırıb, hazırlıq sahəsində təcrübə mübadiləsi aparıblar.
Daha sonra müxtəlif döyüş ssenariləri üzrə birgə uçuşlar həyata keçirilib. Təlimlərin əsas məqsədi iştirakçı ölkələrin Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlığını artırmaq, qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və tapşırıqların icrası zamanı koordinasiyanı gücləndirmək olub.
Təlimlərdə Azərbaycan, Türkiyə və Misirlə yanaşı, NATO-ya məxsus erkən hava xəbərdarlığı təyyarəsi də iştirak edib.
Misir ordusu bildirib ki, "Anatolian Eagle 2026" təlimi Misir və Türkiyə Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın inkişafını əks etdirir və iki ölkə arasında müdafiə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.