AŞPA-dan Azərbaycana qarşı qərəzli mövqe: Avropa hüquq məkanının təməl prinsipləri pozulur
Avropanın Azərbaycan siyasəti adətən birmənalı olub. Belə ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Petra Bayr "Azadlıq" radiosunun ifadəsində rəsmi Bakı ilə əlaqədar qeyri-adekvat fikirlər səsləndirib. O deyib ki, Azərbaycanın təşkilatla münasibətlərinin normallaşmaıs yalnız rəsmi Bakının konkret addımlar atacağı təqdirdə mümkün ola bilər. AŞPA-nın Azərbaycanla bağlı hansı "kartdan" istifadə etmək istədiyi məlumdur. Təbii ki, bunlar tamamilə əbəs cəhdlərdir.
Beynəlxalq hüquq sisteminin və regional təsisatların fəaliyyət fəlsəfəsi hər bir üzv dövlət üçün bərabər, qərəzsiz və universal prinsiplərin tətbiqini nəzərdə tutur. Lakin müasir geosiyasi reallıqlar fonunda AŞPA Azərbaycana qarşı nümayiş etdirdiyi kəskin və ardıcıl qərəz, bu institutun öz nizamnamə dəyərlərindən uzaqlaşaraq hüquqi müstəvini siyasi konyunkturaya qurban verdiyini açıq şəkildə nümayiş etdirir. Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) preambulasında təsbit olunmuş "bərabərlik" və "ayrı-seçkiliyin yolverilməzliyi" prinsiplərini manipulyasiya edən qurum, onilliklər boyu davam edən işğalçılıq və kütləvi hüquq pozuntularına səssiz qaldığı halda, bu gün rəsmi Bakının suverenlik və milli təhlükəsizlik prioritetlərinə qarşı selektiv sanksiya mexanizmlərini işə salır. Hüququn aliliyi pərdəsi altında gizlədilən bu yanaşma, əslində subyektiv lobbi maraqlarının təzahürü olmaqla yanaşı, təşkilatın öz daxili səlahiyyət bölgüsünü və beynəlxalq hüquqi legitimliyini dərindən sarsıdır. Məsələ ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlama verib: "AŞPA və xüsusilə onun rəhbərliyinin Azərbaycana qarşı nümayiş etdirdiyi kəskin qərəz, sadəcə siyasi ritorika müstəvisində deyil, birbaşa beynəlxalq hüquq və Avropa İnsan Hüquqları Konvensiyasının fundamental prinsipləri kontekstində də ciddi suallar doğurur. İlk baxışdan institutun öz nizamnamə dəyərlərini qorumaq cəhdi kimi təqdim edilən bu yanaşma, dərindən təhlil edildikdə Konvensiyanın subyektivlikdən uzaq olan hüquqi çərçivələri ilə ziddiyyət təşkil edir. Qurumun ölkəmizə qarşı tətbiq etdiyi selektiv mexanizmlər və sanksiya təhdidləri, mahiyyət etibarilə Avropa hüquq məkanının təməl prinsiplərinin institusional səviyyədə təhrif olunması deməkdir.

Bu mövqenin Avropa Konvensiyasına zidd olmasının ən bariz hüquqi əsası, sənədin preambulasında və bütövlükdə ruhunda təsbit olunmuş "bərabərlik" və "ayrı-seçkiliyin yolverilməzliyi" prinsiplərinin pozulmasıdır. Konvensiyanın 14-cü maddəsi hər hansı bir əlamətə görə ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bu prinsip universal xarakter daşıyaraq təşkilatın üzv dövlətlərlə rəsmi münasibətlərinə də şamil olunmalıdır. AŞPA-nın uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətinə, fundamental insan hüquqlarını və yüz minlərlə azərbaycanlı qaçqının mülkiyyət və yaşamaq hüququnu kütləvi şəkildə pozmasına qarşı eyni hüquqi alətləri tətbiq etməməsi hüquqi presedent baxımından ciddi bir selektivlik nümunəsidir. Bir üzv dövlətin törətdiyi fundamental pozuntulara onilliklər boyu göz yumulduğu halda, digər dövlətin öz suverenliyini bərpa etməsindən sonra ona qarşı kəskin sanksiya mexanizmlərinin işə salınması Konvensiyanın bərabərhüquqluluq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir.
Digər tərəfdən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası prosesinə yanaşmada da aşkar bir hüquqi təhrif nəzərə çarpır. Konvensiyanın 46-cı maddəsinə əsasən, məhkəmə qərarlarının icrasına nəzarət funksiyası Parlament Assambleyasına deyil, birbaşa olaraq üzv dövlətlərin xarici işlər nazirlərinin təmsil olunduğu Nazirlər Komitəsinə məxsusdur. AŞPA-nın bu hüquqi bölgünü zəbt edərək qərarların icrası mövzusunu siyasi təzyiq və nümayəndə heyətinin mandatının məhdudlaşdırılması üçün əsas alətə çevirməsi Avropa Şurasının daxili səlahiyyət bölgüsünün pozulmasıdır. Belə bir yanaşma hüququn aliliyi prinsipinə deyil, siyasi məqsədlərə xidmət edir. Eyni zamanda, Konvensiyanın təməl prinsiplərindən biri olan subyektiv hüquq və dövlətin daxili yurisdiksiyasına hörmət çərçivəsi də bu prosesdə aşınmaya məruz qalır. Beynəlxalq hüququn və Konvensiyanın tanıdığı "dövlətin marja mülahizəsi", yəni milli təhlükəsizlik və ictimai asayiş mülahizələrinə görə dövlətlərin daxili hüquqi tənzimləmələrdə müəyyən sərbəstliyə malik olması faktı Assambleya tərəfindən tamamilə qulaqardına vurulur".
Onun fikrincə, bütün bunlar isə onu deməyə əsas verir ki, Petra Bayrın rəhbərlik etdiyi qurumun rəsmi Bakıya qarşı tutduğu mövqe, Avropa İnsan Hüquqları Konvensiyasının hüquqi aliliyini qorumaq missiyasından daha çox, təşkilatın daxili siyasi qruplaşmalarının və müəyyən lobbi maraqlarının diktəsini əks etdirir: "Konvensiyanı siyasi mülahizələrə görə çevik şəkildə fərqli şərh etmək və onu dövlətlərin suveren hüquqlarına müdaxilə vasitəsinə çevirmək, reallıqda elə həmin Konvensiyanın təməlində dayanan ədalət, qərəzsizlik və hüquqi müəyyənlik prinsiplərini sarsıdır. Təşkilat özünün hüquqi təsisat xarakterini siyasi konyunkturaya qurban verdiyi müddətcə, onun irəli sürdüyü iddialar hüquqi əsasdan məhrum və birtərəfli siyasi təzyiq addımları olaraq qalmağa məhkumdur".
Turqut Ansari
20:30 04.07.2026
Oxunuş sayı: 59