Havalar daha da soyuyacaq
Son günlər Azərbaycanda hava şəraitinin tez-tez dəyişməsi, bəzi ərazilərdə yağış, külək və temperatur fərqlərinin müşahidə olunması diqqət çəkir. Milli Hidrometeorologiya Xidmətinin son proqnozlarında da ölkənin ayrı-ayrı rayonlarında dəyişkən hava şəraiti və yağıntı ehtimalı qeyd olunur. Yay fəslində havanın fərqli olması həm kənd təsərrüfatına zərər vurur, həm də insanların səhhətində ciddi hal pozğunluğu yaradır. Bəs havalar nə üçün belə keçir?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Bakıda müşahidə olunan belə hava şəraiti qeyri-adi və narahatedici xüsusiyyət daşımır: “Bakı üçün bu xarakterik bir havadır. Burada qeyri-adi, dəyişkən, narahatedici bir xüsusiyyət yoxdur. Uzunmüddətli isti hava müəyyən qədər temperatur və təzyiq fərqləri yaratdı. Günəşdən gələn enerji nəticəsində torpaq tez qızır və tez də soyuyur. Dəniz isə gec qızır və gec soyuyur. Bunun nəticəsində müəyyən temperatur fərqi, eyni zamanda təzyiq fərqi yaranır. Bu təzyiq fərqi xüsusilə Xəzər dənizinin şimalında özünü daha ciddi büruzə verir və şimaldan cənuba doğru xəzri küləyinin əsməsinə şərait yaradır. Təzyiq fərqi yüksəldikcə küləyin sürəti də artır. Son məlumatlara görə, bu fərq 1035–1037 millibar olub. Bu da Xəzər dənizində güclü küləklərin yaranmasına səbəb ola biləcək kifayət qədər ciddi fərqdir”.

Ekspert qeyd edib ki, Bakı və Abşeron yarımadasının Xəzər dənizinə açıq olması səbəbindən belə küləklər burada daha güclü hiss olunur: “Bu küləklər şimaldan cənuba doğru istiqamətlənir. İranda Elbrus dağlarına dəyərək geri qayıdır və gilavara çevrilir, yəni cənub küləklərinə çevrilərək əks istiqamətdə əsməyə başlayır. Hazırda müşahidə olunan xəzri küləkləri şimaldan, Xəzər dənizinin şimalından əsir. Bakı və Abşeron yarımadası tamamilə Xəzər dənizinə açıq olduğuna görə, külək bu ərazini tamamilə əhatə edir. Belə küləklər Bakı üçün xarakterikdir və həm yayda, həm də qışda müşahidə oluna bilər. Əlavə küləklərin yaranmasına isə şimal və şimal-qərb siklonları da təsir edir. Bu siklonlar Arktikadan, Barens dənizi və Şərqi Sibir istiqamətindən Azərbaycana daxil olur və xüsusilə qış aylarında soyuq küləklərin yaranmasına səbəb olur. Digər siklonlar isə Ərəbistan yarımadasından, Aralıq dənizi və Türkiyə üzərindən gəlir. Bunlar cənub küləkləridir və mülayim, isti hava gətirir. İqlimdə yaranan temperatur dəyişiklikləri də belə küləklərin daha tez-tez müşahidə olunmasına şərait yaradır. Qarşıdakı dövrdə havaların tədricən soyuması gözlənilir. Bu il hava isti keçdi, son dövrlərdə isə soyuyub. Havaların soyuqlaşması payıza doğru daha da intensivləşəcək”.
Zərnigar Hüseynli
20:50 19.08.2026
Oxunuş sayı: 86