Cənubi Qafqazda yeni dövr başlayır? - Politoloqdan mühüm açıqlama
Dünyada yeni nizamın formalaşması prosesinin getdiyini bildirən politoloq Andrey Şkolnikov Cənubi Qafqazda əsas rol oynayacaq qüvvələrin Rusiya və İran olacağını deyib.
Crossmedia.az ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir ki, Şkolnikovun məlumatına görə, İran hazırda böyük hərbi güc statusuna yaxınlaşır.
Ekspert Fransanın Ermənistanın potensial təhlükəsizlik təminatçısı kimi çıxış etmək cəhdlərinə də toxunaraq qeyd edib ki, Paris vaxtilə Qərbi Afrikadakı mövqelərini qorumaq üçün kifayət qədər hərbi imkanlara sahib olmayıb.
Şkolnikovun sözlərinə görə, Türkiyənin regiondakı perspektivləri qeyri-müəyyəndir. O bildirib ki, Ankara eyni vaxtda türk xaqanlığını yaratmaq, Osmanlı imperiyasını bərpa etmək, İslam xilafətini və Kamal Atatürkün prinsiplərinə əsaslanan dünyəvi Türkiyəni inkişaf etdirmək kimi müxtəlif istiqamətlərə cəhd göstərib, lakin bunların hamısını eyni anda həyata keçirmək mümkün deyil.
Politoloq həmçinin bildirib ki, Çin Şərq yarımkürəsində dominant mövqeyini möhkəmləndirməyə çalışacaq, ABŞ isə Pekini məhdudlaşdırmaq üçün müttəfiqliklər quracaq.
Onun fikrincə, Vaşinqton Çinə qarşı koalisiyalar yaratmaq imkanına malikdir və bu, bir sıra dolayı münaqişələrə səbəb ola bilər.
20:38 19.08.2026
Oxunuş sayı: 36