20 min abituriyent universitetə girə bilməyəcək
Bu il ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi davam edir. Dövlət İmtahan Mərkəzinin açıqladığı son statistikaya görə, indiyədək 81 255 abituriyent ixtisas seçimi üçün qeydiyyatdan keçib. Ali məktəblərə ayrılacaq plan yerlərinin sayı hələ açıqlanmasa da, mövcud rəqəmlər qəbul rəqabətinin yüksək olacağını göstərir.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 12-19 avqust tarixlərində ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı proses həyata keçirilir:
“Kampaniyaya start veriləndən bu günə qədər 81 255 nəfər qeydiyyatdan keçib. Bu, Dövlət İmtahan Mərkəzinin bu gün açıqladığı statistikadır. Təkcə bu rəqəmlərə baxanda məlum olur ki, ötən illə müqayisədə, bu il ali təhsil müəssisələrinə neçə yer ayrıldığı hələ rəsmi elan olunmasa da, bugünkü statistikaya görə, təxminən 20 000 abituriyent qəbuldan kənarda qala bilər. Düzdür, onların bəzilərinin sonradan kollecləri seçmək imkanları yaranır. Amma ümumilikdə ali təhsil müəssisələrinə 20 000-dən artıq abituriyent qəbul ola bilməyəcək. Bu, əlbəttə ki, ürəkaçan proqnoz deyil, amma təəssüf ki, reallıqdır. Hansı ixtisaslarda keçid ballarının artacağı, ötən illərdəki vəziyyətə baxsaq, yüksək prestijli ixtisaslara tələbat yenə aşağı-yuxarı eyni olacaq. Ancaq ümumi mənzərədə ötən illərlə müqayisədə bəzi ixtisaslarda 10, 15, 20, hətta 30 bala qədər enmə gözlənilə bilər. Söhbət həmişə 650-nin, 600-ün üzərində rəqabətin olduğu prestijli ixtisaslardan gedir. Bu il buraxılış imtahanları çətin olduğuna görə həmin ixtisaslarda müəyyən qədər bal enməsi müşahidə oluna bilər”.

Ekspert qeyd edib ki, indiyədək verilən proqnozların hamısında ikinci qrup üzrə müəyyən problemlərin yaşanacağı gözlənilirdi: “Çünki ötən illə müqayisədə 3 000 nəfər daha çox müraciət edib. Amma ikinci qrup üçün 150 ballıq həddin tətbiq olunması, yəni Dövlət İmtahan Mərkəzinin sədri tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi nəticəsində ikinci qrupda da 150 baldan qəbulun keçirilməsi reallaşacaq. Bu halda gözlənilir ki, ikinci qrupa sənəd vermiş abituriyentlər, xüsusilə aşağı bal toplayanlar üçün ciddi problem yaşanmayacaq. Ümumi mənzərə onu göstərir ki, bu ilki qəbul son iki ilin qəbulu ilə müqayisədə, xüsusilə buraxılış imtahanlarının nəticələrinə görə, böyük fərq olmasa da, ötən illə müqayisədə daha aşağı ballarla müşahidə olunacaq”.
Nuray Mehtiyeva
18:30 19.08.2026
Oxunuş sayı: 48