Azərbaycan və Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında yol sektorunda institusional islahatlar müzakirə edilib.
Crossmedia.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə müzakirlər agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.
Görüşdə Dünya Bankının ölkənin yol təsərrüfatının idarə olunması sahəsində apardığı institusional qiymətləndirmənin nəticələri müzakirə olunub. Beynəlxalq təcrübə əsasında yol infrastrukturunun idarə edilməsi, saxlanılması və maliyyələşdirilməsi istiqamətində mövcud yanaşmalar nəzərdən keçirilib, preventiv aktiv idarəetmə modelinə keçidin, milli standartların müasirləşdirilməsinin, rəqəmsallaşmanın və məlumat əsaslı qərarqəbuletmə sistemlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.
Tərəflər institusional potensialın və maliyyə dayanıqlılığının gücləndirilməsi, yol fondunun formalaşdırılması, ödənişli yol şəbəkəsinin genişləndirilməsi və özəl sektorun iştirakının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Dünya Bankı gələcəkdə institusional islahatları və infrastruktur layihələrini əhatə edən çoxmərhələli proqram çərçivəsində dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
20:16 03.07.2026
Oxunuş sayı: 53