Ayan Məmmədli Avropadakı 40-cı solo konserti ilə tamaşaçıları heyran qoyub
Musiqi xalqları birləşdirən incə diplomatiyanın ən güclü ifadəsidir. Xaricdə yaşayan soydaşlarımızın musiqi sahəsindəki fəaliyyəti, istedadları və uğurları bu baxımdan Azərbaycan mədəniyyətinin beynəlxalq arenada layiqincə təmsil olunmasına, ölkəmizin zəngin musiqi irsinin tanıdılmasına mühüm töhfə verir.
Crossmedia.az xəbər verir ki, bu günə kimi fərqli auditoriyalar qarşısında çıxış edərək zəngin yaradıcılıq təcrübəsi qazanan Avstriyada yaşayan gənc pianoçu Ayan Məmmədlinin növbəti solo konserti baş tutub. Musiqi gecəsi Avstriyanın Linz şəhərində yerləşən Ticarətçilər Palatasının Mədəniyyət Sarayında keçirilib və klassik musiqi həvəskarlarının böyük marağına səbəb olub.
Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri – İohan Sebastyan Bax, Bela Bartok, Frans List, Feliks Mendelson, İsaak Albeniz və Aleksandr Skryabinin əsərlərindən nümunələr səsləndirilib. Dünya klassiklərinin seçilmiş əsərlərini yüksək peşəkarlıq və zərif interpretasiya ilə səsləndirən gənc pianoçunun emosional ifası və səhnə mədəniyyəti musiqisevərlərə unudulmaz anlar yaşadıb.
Konsertdən sonra təəssüratlarını bölüşən Ayan Məmmədli bildirib ki, dünya musiqisi xəzinəsindən nümunələrlə yanaşı Azərbaycanın zəngin musiqi mədəniyyətini beynəlxalq səhnələrdə təqdim etmək onun üçün həm böyük qürur, həm də məsuliyyətdir.
Qeyd edək ki, Avropanın müxtəlif ölkələrində mütəmadi olaraq solo konsertlərlə çıxış edən Ayan Məmmədli beynəlxalq musiqi mühitində Azərbaycan fortepiano məktəbini uğurla təmsil edir. Linzdə baş tutan, gənc soydaşımızın Avropadakı 40-cı solo konserti olan növbəti proqram onun peşəkar inkişafında xüsusi rol oynayıb, yaradıcılıq yolunda əlamətdar mərhələ kimi qiymətləndirilib.
12:47 03.07.2026
Oxunuş sayı: 55