Ermənistan KTMT-dən çıxacaq?- Açıqlandı
Son dövrlərdə rəsmi İrəvan və Moskva xəttində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaşanan gərginlik pik həddə çatıb. Rusiya Ermənistanın struktur çərçivəsində gələcək iştirakına dair rəsmi və qəti qərarını gözlədiyini bəyan edib. Moskvanın İrəvandan KTMT ilə bağlı hüquqi öhdəliklər tələb etməsi və üzvlük haqqının ödənilməsi barədə xəbərdarlığı Ermənistanın uzun müddətdir davam edən "manevr mərhələsinin" artıq bitdiyini göstərir. Bu kontekstdə İrəvanın təşkilatdan rəsmən çıxmasının onun üçün hansı real təhlükəsizlik riskləri yaradacağı, regiondakı hərbi-siyasi balansa necə təsir edəcəyi və Moskvanın cavabının nə dərəcədə kəskin ola biləcəyi məsələsi hazırda Cənubi Qafqazın əsas müzakirə mövzusudur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Nigar Allahverdiyeva bildirib ki, Cənubi Qafqaz regionu hazırda strateji bir keçid dövrünü yaşayır və Ermənistan ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı son dinamika münasibətlərdəki qeyri-müəyyənlik mərhələsinin artıq başa çatdığını göstərir:
“Qarşılıqlı maliyyə və hüquqi tələblər tərəflərin daha konkret mövqe nümayiş etdirmək zərurəti ilə üz-üzə qaldığına işarədir. Bu baxımdan, İrəvanın xarici siyasi kursunda və təhlükəsizlik memarlığında uzun müddətdir davam edən axtarışların artıq yekun qərar mərhələsinə qədəm qoyduğunu söyləmək mümkündür”.
Siyasi şərhçi vurğulayıb ki, mövcud regional sistemlərdən uzaqlaşmaq alternativ mexanizmlər qurulana qədər müəyyən risklərlə müşayiət olunur:
“Hər bir suveren dövlətin öz xarici siyasi prioritetlərini sərbəst şəkildə müəyyən etmək hüququ olsa da, mövcud regional təhlükəsizlik sistemlərindən uzaqlaşmaq alternativ mexanizmlər tam qurulana qədər müəyyən risklər yaradır. Uzunmüddətli çoxtərəfli asılılıq əlaqələrinə malik olan strateji tərəfdaşlarla münasibətlərin kəskin şəkildə yenidən nəzərdən keçirilməsi iqtisadi, enerji və logistik kommunikasiyalarda çətinliklərə yol aça bilər. Moskvanın reaksiyasının dərəcəsi isə tərəflərin bundan sonra atacağı addımların ardıcıllığından və diplomatik kanalların çevikliyindən asılı olacaq”.
Ekspert həmçinin qeyd edib ki, regionun kənar güclərin rəqabət meydanına çevrilməməsi ümumi maraqlara xidmət edir:
“Bu proseslərə dair prinsipial mövqe ondan ibarətdir ki, qonşu dövlətlərin daxili işlərinə və onların digər beynəlxalq təşkilatlarla əlaqələrinə müdaxilə edilməməlidir. Fundamental hədəf regionda sabitliyin, daxili təhlükəsizliyin qorunması və kənar hərbi-siyasi təsirlərin neytrallaşdırılmasıdır. Mövcud regional reallıqlar fonunda təhlükəsizliyin ən etibarlı zəmanəti kənar hərbi-siyasi blokların müdaxiləsində deyil, birbaşa region ölkələrinin müstəqil siyasi iradəsində və daxili resurslarındadır. Regionun kənar güclərin rəqabət meydanına çevrilməməsi və gərginliyin artmaması ümumi maraqlara xidmət edir”.
Ayxan İbişov
16:00 27.06.2026
Oxunuş sayı: 82