İsrail İranla qarşıdurmaya hazırlaşır
İsrailin Baş naziri Binyamin Netanyahu 2025-ci ildə İranla qarşıdurmaya hazırlaşır. Onun əsas hədəfi İranın nüvə proqramını dayandırmaq və regionda güc balansını İsrailin xeyrinə dəyişməkdir. Netanyahu, həmçinin Qəzzə üzərində hərbi nəzarəti gücləndirmək və İranın müttəfiqləri olan Həmas, Hizbullah və Suriya lideri Bəşər Əsədin təsirini zəiflətmək niyyətindədir.
Suriyada Əsəd rejiminin süqutu, Həmas və Hizbullah liderlərinin sıradan çıxarılması və hərbi strukturlarının məhv edilməsi İranın təsirini zəiflədir. Bu, Tehranın illərlə qurduğu ittifaqların dağılmasına səbəb olur. İsrail isə bu boşluğu dolduraraq bölgədə daha güclü mövqeyə sahib olur.
Netanyahu İranın nüvə proqramını tamamilə dayandırmaq və ölkənin raket inkişafını məhdudlaşdırmaq üçün konkret addımlar atmağa hazırdır. O, bu strateji təhdidləri aradan qaldırmaqda qətiyyətlidir və heç bir maneəyə yol vermək niyyətində deyil.
Mütəxəssislər bildirirlər ki, İran hazırda çətin seçim qarşısındadır. Ya nüvə proqramını davam etdirəcək, ya da fəaliyyətini məhdudlaşdıraraq danışıqlara razılıq verəcək. Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq üzrə eksperti Joost R. Hiltermann qeyd edir ki, İran İsrailin hücumlarına çox həssasdır. İsrailin belə bir hücum etməsi gözlənilən bir ssenaridir.
Fələstinli analitik Qassan əl-Xatib də hesab edir ki, Tramp və Netanyahu İrana qarşı zərbə endirmək qərarına gələ bilərlər. Onun fikrincə, İran rəhbərliyi hərbi qarşıdurmadan qaçmaq üçün güzəştə getməyə hazır ola bilər.
2015-ci ildə imzalanmış nüvə razılaşmasından geri çəkilən Tramp administrasiyası İranın neft sektoruna qarşı sərt sanksiyalar tətbiq edib. Diplomatiyanın daha effektiv olduğu iddia edilsə də, Tramp təzyiq siyasətini üstün tutub. Bu təzyiqlər Yaxın Şərqdə gərginliyi artırıb və İranın növbəti addımları sual altındadır.
Gülay Qəribova
19:36 20.12.2024
Oxunuş sayı: 8931