ƏHALİYƏ ŞAD XƏBƏR: evlər sənədləşdirilir
Azərbaycanda çıxarışsız yaşayış evləri problemi uzun illərdir həm sosial, həm hüquqi, həm də iqtisadi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Bu istiqamətdə yeni təkliflə Milli Məclisdə müzakirə zamanı bildirilib ki, hazırda ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Türkiyə təcrübəsinə istinad edərək təklif olunub ki, nəqliyyat və enerji infrastrukturunun mühafizə zonalarında, təhlükəli ərazilərdə, strateji təyinatlı torpaqlarda və hüquqi statusu mübahisəli olan obyektlər istisna olmaqla, digər yaşayış evlərinə müəyyən ödəniş əsasında çıxarış verilsin. Belə bir mexanizm həm vətəndaşların əmlak hüquqlarının rəsmiləşdirilməsinə, həm də dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı gəlirin formalaşmasına şərait yarada bilər.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanda sovet dövründən qalan və xüsusilə Bakının mərkəzi ərazilərində yerləşən çoxsaylı yaşayış massivləri mövcuddur. Məsələn, Sovetski, Malakan bağı ətrafı, Alatava, Kubinka və digər ərazilərdə fərdi yaşayış evləri inşa olunub. Lakin bu fərdi yaşayış evlərinin böyük bir hissəsi bu günə qədər çıxarışla təmin edilməyib. Sovet İttifaqının dağılmasından sonra, Birinci Qarabağ müharibəsi, məcburi köçkünlük və regionlardan paytaxta əhali axınının artması nəticəsində Bakıda ciddi mənzil ehtiyacı yarandı. Həmin dövrdə, həm sovet illərində, həm də sonrakı mərhələdə fərdi yaşayış evlərinin tikintisi üçün müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən vətəndaşlara torpaq sahələri ayrıldı. Bu torpaq sahələri rayon icra hakimiyyətləri, kolxoz və sovxozlar, bağlar idarələri, daha sonra isə bələdiyyələr tərəfindən, xüsusilə 2000–2007-ci illərə qədər müxtəlif qərar və sərəncamlar əsasında verilib. Ayrılmış torpaq sahələrinin üzərində zamanla fərdi yaşayış evləri tikilib. Həmin sənədlərlə ayrılmış torpaqlar üzərində inşa edilmiş evlərin müəyyən hissəsi çıxarışla təmin olunsa da, böyük bir hissəsi hələ də bu hüquqdan yararlana bilmir. Bu gün səsləndirilən təxminən 500 min rəqəmi problemin miqyasını göstərir. Əslində həmin evlərin bir çoxunun torpaq ayrılması ilə bağlı sərəncam və qərarları mövcuddur. Lakin çıxarış verilməməsinin əsas səbəbi ondan ibarətdir ki, vətəndaşlara fərdi yaşayış üçün ayrılmış torpaqların hüquqi təyinatı dəyişdirilməyib”.
Ekspert əlavə edib ki, fərdi yaşayış evinə çıxarış verilə bilməsi üçün həmin evin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları və ya dövlət torpaqları kateqoriyasına aid olmalıdır: “Lakin keçmişdə kolxoz və sovxozların, müxtəlif təşkilatların işçilərinə ayrılmış torpaq sahələrinin əksəriyyəti kənd təsərrüfatı və ya digər təyinatlı torpaq kateqoriyasında qalıb. Nəticədə həmin torpaqlar üzərində tikilən evlər bu gün də çıxarış ala bilmir. Bu problemin həlli üçün ilk növbədə torpaqların təyinatının dəyişdirilməsi vacibdir. Çünki söhbət Bakı və Abşeron kimi artıq tam urbanizasiya olunmuş ərazilərdən gedir. Bu zonalarda kənd təsərrüfatı fəaliyyəti faktiki olaraq aradan qalxıb. Ərazilər yaşayış massivləri ilə əhatələnib, yollar çəkilib, küçələr salınıb, məktəblər, ictimai nəqliyyat xətləri və digər infrastruktur formalaşıb. Belə olan halda həmin torpaqların yaşayış məntəqələri torpaqları kimi tanınması və ya dövlət torpaqları kateqoriyasına keçirilməsi çıxarış probleminin həlli üçün əsas şərtlərdən biridir. Digər tərəfdən, qadağan olunmuş ərazilərdə tikilmiş yaşayış evləri də mövcuddur. Bunlara mühafizə zonalarında, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında, neft təyinatlı torpaqlarda yerləşən evlər daxildir. Xüsusilə Abşeron yarımadasında neft fondunda olan torpaqlarda yerləşən evlər ciddi problemlə üzləşir. Hətta həmin ərazilərdə faktiki neft hasilatı aparılmasa belə, torpaq aidiyyəti qurumun balansında olduğu üçün çıxarış verilməsi mümkün olmur”.
E.Fərzəliyev əlavə edib ki, belə hallarda aidiyyəti qurum rəy verməlidir ki, həmin torpaq tikinti üçün yararlıdır və ya artıq onların istifadəsində deyil: “Problem ondadır ki, bir torpaq sahəsi üzərində eyni vaxtda bir neçə dövlət qurumunun səlahiyyəti formalaşıb. Digər sahələrdə olduğu kimi vahid idarəetmə mexanizmi olmadığı üçün torpaq və tikinti ilə bağlı qərarvermə prosesi mürəkkəbləşir. Sabah hər hansı problem yarandıqda isə qurumlar məsuliyyəti bir-birinin üzərinə yönəldir. Bu isə həm vətəndaşlar üçün çətinlik yaradır, həm də dövlət büdcəsinin potensial gəlirlərinin azalmasına səbəb olur. Dəfələrlə vurğulanıb ki, ölkədə qeydiyyat sektorunun inkişaf etdirilməsi vacibdir. Azərbaycanda ən böyük iqtisadi dövriyyələrdən biri daşınmaz əmlak və tikinti sektorunda formalaşır. Əgər söhbət gedən təxminən yarım milyon fərdi yaşayış evi çıxarışla təmin olunsa, onların torpaqları torpaq vergisinə, tikililər isə əmlak vergisinə cəlb ediləcək. Bundan əlavə, həmin əmlakların sığortalanması mümkün olacaq və təbii fəlakətlər zamanı zərərlər dövlət deyil, sığorta mexanizmləri vasitəsilə qarşılanacaq. Hazırda ölkədə ciddi qeydiyyat problemi mövcuddur. Çıxarışın olmaması səbəbindən vətəndaşlar yaşayış ünvanı üzrə qeydiyyata düşə bilmir, nəticədə məktəb, sosial xidmətlər və digər inzibati prosedurlarda çətinliklərlə üzləşirlər. Daşınmaz əmlak bazarında son illərdə qiymət artımı müşahidə olunsa da, çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə bu artım eyni tempdə baş vermir. Əgər həmin evlər çıxarışla təmin olunsa, aşağı və orta gəlirli ailələr daha münasib qiymətlərlə bank kreditləri hesabına mənzil əldə edə bilərlər. Çünki bu evlərin bazar dəyəri nisbətən aşağı olduğundan ilkin ödəniş və aylıq öhdəliklər də daha əlçatan olar. Bu məsələ ilə bağlı dəfələrlə təkliflər səsləndirilsə də, bu günə qədər praktik və sistemli həll mexanizmi tam şəkildə tətbiq edilməyib. Halbuki dövlət üçün ən böyük qazanc vətəndaşın mülkiyyət hüququnun qorunması və iqtisadi dövriyyənin genişlənməsidir. Çıxarışla təmin olunmuş əmlaklar bank, notariat, sığorta və digər xidmət sektorlarında əlavə iqtisadi aktivlik yaradır. Hazırda isə çıxarışın olmaması səbəbindən dövlət yarım milyondan çox əmlak üzrə potensial iqtisadi gəlirlərdən tam istifadə edə bilmir”.
Ayhan
19:00 20.06.2026
Oxunuş sayı: 58