Ermənistanda gərginlik artır, sülh prosesi təhlükə altınddır
Ermənistanda son dövrlər müşahidə olunan daxili siyasi gərginlik və müxtəlif siyasi qüvvələrin aktivləşməsi regionda gedən proseslərə marağı yenidən artırıb. Xüsusilə erməni biznesmen Samvel Karapetyanın mitinq çağırışı ölkə daxilində siyasi gündəmin daha da hərəkətlənməsinə səbəb olub. Bu fonda əsas müzakirə mövzularından biri Ermənistan daxilindəki siyasi proseslərin qərarların qəbuluna nə dərəcədə təsir göstərəcəyi və bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində aparılan sülh prosesinə mümkün təsirləridir. Daxili siyasi qarşıdurmaların vahid mövqe formalaşdırmağa mane olub-olmayacağı, eləcə də sülh gündəliyinin tempinə necə təsir edəcəyi hazırda diqqətlə izlənən məsələlər sırasındadır.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlama verib:

“Sülh prosesi iki ölkə arasında davam edir və əlbəttə ki, Ermənistan daxilindəki bu qarşıdurmalar sülh prosesinə də mənfi təsir göstərə bilər. Ancaq məlumdur ki, keçirilən seçkilərdə Paşinyan üstünlük əldə etdi və qalib gəldi. Bu isə deməyə əsas verir ki, prinsip etibarilə Ermənistan hökuməti əsas qərarları ölkə daxilində qəbul etmək imkanına malikdir və hakimiyyət, xüsusilə kommunikasiya xətlərinin açılması və digər strateji məsələlərlə bağlı müəyyən səlahiyyətlərə sahibdir. Sadəcə məsələ ondadır ki, Paşinyan mütləq çoxluq əldə edə bilmədi. Bu amil isə hazırkı mərhələdə onun referendum keçirməsi və ya Konstitusiya dəyişiklikləri ilə bağlı parlament vasitəsilə qərarlar qəbul etməsi baxımından müəyyən məhdudiyyətlər yarada bilər. Digər tərəfdən, əgər hazırda referendum keçirilsəydi, onun nəticələrinin necə olacağını proqnozlaşdırmaq kifayət qədər çətin olardı”.
Politoloq əlavə edib ki, bu baxımdan Azərbaycanın əsas mövqeyi sülh gündəliyini və hüquqa əsaslanan yanaşmasını davam etdirməkdən ibarətdir: “Vaxtı çatdıqda isə Ermənistan tərəfi hüquqi və institusional dəyişiklikləri həyata keçirdikdən sonra sülh müqaviləsinin yekunlaşdırılması ilə bağlı məsələlər daha konkret müstəvidə müzakirə oluna bilər”.
Ayhan
17:00 20.06.2026
Oxunuş sayı: 59