Paris–Bakı xəttində yeni gərginlik: Fransa hansı məqsədlə Azərbaycana təzyiq edir?
Son illərdə Azərbaycan–Fransa münasibətləri diplomatik çərçivədən çıxaraq daha mürəkkəb və çoxqatlı siyasi müstəviyə keçib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra tərəflər arasında yaranan fikir ayrılıqları təkcə rəsmi bəyanatlar və siyasi mövqelərlə deyil, informasiya mühiti, beynəlxalq platformalar, media kampaniyaları və müxtəlif təsir mexanizmləri üzərindən aparılan qarşılıqlı ittihamlarla da müşayiət olunmağa başlayıb. Məhz bu fonda Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı son bəyanat diqqət çəkir.
Komissiya Fransanın Azərbaycana münasibətdə yalnız klassik diplomatik təsir vasitələri ilə kifayətlənmədiyini, daha geniş spektrli hibrid metodlardan istifadə etdiyini iddia edir. Bəyanatda hüquqi-siyasi təzyiq alətləri, beynəlxalq təşkilatlardakı fəaliyyət, informasiya kampaniyaları, media təsirləri, lobbiçilik, casusluq və regional təhlükəsizlik məsələləri bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Sənəd eyni zamanda Parisin Cənubi Qafqaz siyasətinin mahiyyəti, Ermənistanla münasibətləri və regiondakı geosiyasi maraqları barədə yeni müzakirələr üçün zəmin yaradır.
COP29 öncəsi Azərbaycan haqqında dezinformasiyanın yayılmasında da birbaşa iştirak edən Fransa yenidən münasibətləri gərginləşdirir, başqa bir dövlətin daxili işlərinə müdaxilə edir. Fransanın atdığı bu addımlar, münasibətlərin tənzimlənməsindən sonra həyata keçirdiyi bu siyasət suallar doğurur. Fransanın məqsədi nədir?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin Komitə sədri Fazil Mustafa:

“Fransa bu kimi məsələlərdən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Əvvəllər Ermənistan üzərindən Azərbaycana qarşı müxtəlif məqsədlərini həyata keçirməyə cəhd edirdilər. Hazırda isə taktikanı dəyişiblər. Daha çox hansısa cinayət işləri üzərindən, eyni zamanda həmin hadisələrin özlərinin qabartdığı və formalaşdırdığı versiyalar əsasında müəyyən narrativlər qurmağa çalışırlar. Bu isə təbii olaraq Fransa–Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək. Çünki bu yanaşma Azərbaycana qarşı məqsədyönlü şəkildə aparılan hibrid təsir siyasətinin bir forması kimi qiymətləndirilir. Əgər bu cür hadisələr başqa bir dövlətin ərazisində baş versəydi, bəlkə də ona fərqli yanaşmaq və başqa cür şərh vermək mümkün olardı. Lakin hadisələrin məhz Fransada baş verməsi Fransanın Azərbaycana münasibətdə izlədiyi siyasətin fərqli konturlarını və yanaşmalarını daha açıq şəkildə ortaya çıxarır. Bu baxımdan Milli Məclisin müvafiq komissiyasının məsələ ilə bağlı verdiyi izahlar və ortaya qoyduğu mövqe obyektiv yanaşma kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Fransa dövlət maraqlarına uyğun, daha balanslı və praqmatik davranış sərgiləsə, regionla bağlı siyasətində özü üçün də müəyyən faydalı nəticələr əldə edə bilər. Lakin bu formada davranışlar münasibətlərin daha da korlanmasına xidmət edir və ümumi qəbul edilən yanaşma baxımından da belə bir təsəvvür formalaşdırır ki, bu proseslər əməkdaşlıqdan daha çox qarşıdurmanı dərinləşdirən xarakter daşıyır.
Təhlükəsizlik eksperti İlham İsmayıl:
“Fransanın Azərbaycana qeyri-dost münasibəti Emmanuel Makronun hakimiyyəti dövründə daha kəskin və intensiv xarakter almağa başlayıb. Bu münasibətləri həm Qarabağ müharibəsindən əvvəlki dövrdə, həm 44 günlük Vətən müharibəsi zamanı, həm də sonrakı mərhələlərdə müşahidə etmişik. Antiterror tədbirlərinə qədər olan dövrdə Fransanın Azərbaycana münasibətdə qərəzli mövqeyi açıq şəkildə özünü göstərib. Biz Fransa prezidentliyinə namizədlərin Qarabağa qanunsuz səfərlər etməsini, orada təbliğat aparmasını, eləcə də Paris meri Ann İdalqonun Laçın yolu ətrafında nümayişkaranə şəkildə görünərək müxtəlif aksiyalarda iştirak etməsini xatırlayırıq. Bütün bunlar Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirilə bilər. Lakin müharibədən sonrakı dövrdə Fransa daha çox hibrid xarakterli təhlükələr yaratmağa meyillənib. Təbii ki, Azərbaycanın Fransanın neo-müstəmləkəçilik siyasətini beynəlxalq səviyyədə ifşa etməsi, həmçinin Fransanın müstəmləkə keçmişinə malik ərazilərdə milli oyanış proseslərinə diqqət çəkməsi Parisin narahatlığını artırıb və münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Bu fəaliyyətlər əsasən hibrid xarakter daşıyır. Hibrid müharibə klassik müharibədən fərqli olaraq müxtəlif təsir vasitələrinin birləşdirildiyi kompleks düşmənçilik fəaliyyətidir. Buraya kibertəhlükələr, dövlət informasiya sistemlərinə hücumlar, maliyyə və bank sektoruna yönəlmiş fəaliyyətlər daxildir. Eyni zamanda, Fransa ilə əlaqəli informasiya resurslarında Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş materialların dərc olunmasını da müşahidə edirik”.

İ.İsmayıl əlavə edib ki, bu münasibətin niyə məhz Qarabağ müharibəsindən sonra daha qabarıq xarakter aldığına gəldikdə isə, burada bir neçə məsələ ilə üzləşirik: “Məlumdur ki, Fransanın indiki Ermənistan hakimiyyəti ilə çox yaxın münasibətləri mövcuddur. Paris uzunmüddətli perspektivdə Ermənistanı öz siyasi təsir dairəsində saxlamağa çalışır. Bununla yanaşı, Fransa Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə və müəyyən mənada Rusiyanın bölgədəki təsirini əvəz edə biləcək Avropa gücü kimi çıxış etməyə çalışır. Bu məqsədlə Fransa təkcə Ermənistanla münasibətləri gücləndirmir, eyni zamanda regionun digər ölkələrinə də təsir imkanlarını artırmağa çalışır. Zərurət yarandıqda Türkiyə ilə rəqabət aparmağa, Gürcüstanda təsir imkanlarını genişləndirməyə və hətta bəzi məsələlərdə Rusiya ilə qarşıdurmaya getməyə hazır olduğunu nümayiş etdirir. Bu strategiyanın tərkib hissəsi kimi Azərbaycan müəyyən hallarda hədəf seçilir. Məqsəd Ermənistanda siyasi nüfuz qazanmaq, daha sonra isə regionda öz təsir imkanlarını genişləndirməkdir. Bunun üçün müxtəlif informasiya əməliyyatlarından, təxribat xarakterli təbliğatdan və ictimai rəyə təsir mexanizmlərindən istifadə olunur. Belə fəaliyyətlər vasitəsilə cəmiyyətdə narahatlıq yaratmaq, dövlət institutlarına inamsızlıq formalaşdırmaq cəhdləri müşahidə edilir”.
Ekspert əlavə edib ki, bu fəaliyyətlərin tərkibində casusluq elementlərinin də olduğu barədə faktlar mövcuddur.: “Azərbaycan məhkəmələri tərəfindən casusluq ittihamı ilə mühakimə olunmuş Fransa vətəndaşları ilə bağlı proseslər də bunun nümunəsi kimi göstərilir. Hesab edirəm ki, bu fəaliyyətlər tam dayanmayıb və müxtəlif formalarda davam etdirilir. Bu baxımdan Milli Məclisin müvəqqəti komissiyasının Fransa xalqına və ictimaiyyətinə müraciəti mühüm əhəmiyyət daşıyır. Məqsəd Fransa hökumətinin Azərbaycana münasibətdə tutduğu yanlış mövqeyi diqqətə çatdırmaq və iki xalq arasında dostluq münasibətlərinə zərər verən siyasəti göstərməkdir. Fransada erməni lobbisinin təsir imkanlarının güclü olması səbəbindən bu proseslərin yaxın perspektivdə tam dayanacağını gözləmək çətindir. Məlumdur ki, Fransa Senatı və digər siyasi institutlar uzun illər ərzində qəbul etdikləri bəzi qərarlardan geri çəkilməyiblər və bu da münasibətlərə mənfi təsir göstərməkdə davam edir. Makron hakimiyyəti dövründə bu siyasətin müəyyən qədər davam etməsi mümkündür. Lakin gələcəkdə Fransada hakimiyyət dəyişikliyi baş verərsə, yeni siyasi rəhbərliyin regiona və Azərbaycana yanaşmasının fərqli ola biləcəyi də istisna edilmir. Hər halda, biz Fransadan qaynaqlanan hibrid təhlükələrin müxtəlif istiqamətlərini həm media məkanında, həm beynəlxalq platformalarda, həm də siyasi proseslərdə müşahidə edirik. Buna görə də Azərbaycan öz diplomatik fəaliyyətini, beynəlxalq məlumatlandırma işini və milli maraqların müdafiəsinə yönəlmiş tədbirlərini davam etdirməlidir. Milli Məclisin Fransa ictimaiyyətinə ünvanladığı müraciət də bir daha göstərir ki, Azərbaycan baş verən prosesləri diqqətlə izləyir və Fransanın regiondakı fəaliyyətinin mahiyyətini yaxşı anlayır. Bu fəaliyyətlərin yaratdığı risklər ölkəmizə məlumdur və onlara qarşı müvafiq addımların atılması bundan sonra da davam etdiriləcək”.
Ayhan
10:30 18.06.2026
Oxunuş sayı: 109