Cənubi Qafqazda gözlənilməz ssenari: Bu hekayədə yanan Ermənistan olacaq
Ermənistanın iyunun 17-25-i tarixlərində ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə keçirilən "Qartal Tərəfdaş-2026" birgə hərbi təlimlərinə ev sahibliyi etməsi Cənubi Qafqazda hərbi-siyasi ssenariləri yenidən alovlandırıb. Rəsmi İrəvanın NATO-nun aparıcı qüvvələri ilə hərbi əməkdaşlığı dərinləşdirməsi regionun təhlükəsizlik arxitekturasında kəskin dönüşdən xəbər verir. Qərbin regiona bu cür birbaşa hərbi daxilolma cəhdləri isə başda Rusiya və Türkiyə olmaqla, regional güclərin ciddi reaksiyasına yol açmaqla yanaşı, Azərbaycan-Ermənistan sülh prosesinə də birbaşa təhdid formalaşdırır. Mövcud hərbi-geopolitik vəziyyəti təhlil edən ekspertlər bu gedişatın Cənubi Qafqazı yeni bir eskalasiya poliqonuna çevirə biləyi barədə ciddi xəbərdarlıqlar edirlər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmmədov bildirib ki, hazırda bu hərbi təlimlərin coğrafiyası genişlənib və prosesə Fransa ilə Yunanıstan da qoşulub: “Ermənistanın Yunanıstanla, Fransa ilə çox ciddi, hərbi yöndə əməkdaşlığı var və bu əməkdaşlığı bir qədər də genişləndirmək niyyətindədirlər. Təbii ki, Rusiyanın bu regionda maraqları var, amma Avropa İttifaqının (Aİ) Rusiyanı bu regiondan çıxartmaq və bu regionu Rusiyanın əlindən almaq kimi bir niyyəti olduğunun şahidi oluruq. Təbii ki, bu tip addımlar regionda gərginliyi bir qədər də artırır. Çünki biz Ermənistandakı seçkilər, seçki ərəfəsində Rusiyanın bəyanatlarını və seçkidən sonra Rusiyanın davranışlarını nəzərə alsaq, hesab edirəm ki, bundan sonrakı mərhələdə də Rusiyanın ritorikasının daha da kəskin olacağının, ən azından biz şahidi olacağıq”.
Ekspert Fransa və Yunanıstanın fəallığının eyni zamanda Türkiyəyə qarşı bir gediş olduğunu diqqətə çatdırıb: “Nəzərə almaq lazımdır ki, Yunanıstan və Fransa paralel olaraq Türkiyə üçün də rəqibdir. Çünki Yunan Kipri ilə Fransa arasında yaxın zamanda hərbi müqavilə imzalandı və orada hərbi baza, hərbi təlimlərin keçirilməsi məsələsi qoyuldu. Yunanıstan Baş naziri də açıq şəkildə bildirdi ki, onlara qarşı çox ciddi bir təhdid var və bunun da Türkiyə olduğunu, ən azından mesajlardan görmək oldu. Yəni dolayısı ilə biz bu məsələyə paralel olaraq həm Rusiyaya qarşı, və həm də elə Türkiyənin özünə qarşı bir prosesin getdiyinin şahidi oluruq”.
S. Məmmədov həmçinin, Azərbaycanın bu prosesləri çox diqqətlə izləməli olduğunu və Ermənistanın gözləniləndən daha sürətlə silahlandığını vurğulayıb: “Ermənistan proqnozlaşdırdığından daha çox öndədir. Çünki biz 44 günlük müharibənin nəticəsi olaraq proqnozlaşdırırdıq ki, ən azından Ermənistan təxminən bir 10 ilə yaxın müddətdə özünü güclə toparlayar və ordusunu yeniləməyə başlayar. Amma təxminən altı ilə yaxın müddət keçib və Ermənistan bu prosesləri çox sürətli şəkildə həyata keçirir. Ermənistanın davranışı, hesab edirəm ki, bu regionda çox şeyi dəyişə bilər. Aİ -nin ümumiyyətlə genişləndirmə siyasətinə baxsaq deyə bilərik ki, öncə Gürcüstanla bağlı proses başladı. Rusiya Gürcüstanın 20% ərazisini işğal etdi. İndi Ukraynanın 20 faizi işğal altındaddır. Aİ-nin Genişlənmə Komissiyası artıq Ermənistan üzərindən addımlar atır. Gürcüstan və Ukrayna ssenarisini nəzərə almaq bildirə bilərik ki, Ermənistanın Rusiyanın "yemi"nə çevrilməsi daha realdır, nəinki Aİ-nin çətiri altına düşməsi. Nəzərə almaq lazımdır ki, Ermənistanla Rusiya arasında sərhəd yoxdur. Bu, o deməkdir ki, əgər regionda bir proses başlayacaqsa, Rusiya hərbi yöndən hansısa bir qərar verərsə, bu, birbaşa Ermənistanı yox, elə həm də regionu təhdid altına alacaq. Regionda eskalasiya, gərginlik yaradacaq. Ona görə də düşünürəm ki, indiki mərhələdə bu proseslərin ümumiyyətlə dinc yolla və sakin şəkildə həll olunmasına ehtiyac var. Fikrimcə, Azərbaycan da bunun tərəfdarıdır. Əgər bu proses, həqiqətən də, tamamilə fərqli məcrraya gedəcəksə, hesab edirəm ki, regionu çox çətin günlər gözləyə bilər”.
Ayxan İbişov
15:25 17.06.2026
Oxunuş sayı: 60