Bolnisidəki soydaşlarımız Azərbaycan və Gürcüstanın Müstəqillik günlərini qeyd ediblər
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Azərbaycan və Gürcüstanın Müstəqillik günləri münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib . Ardınca hər iki ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin və qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Rezo Həsənov Azərbaycan və Gürcüstan xalqlarının 1918-ci ilin 28 və 26 may tarixlərində dövlət müstəqilliklərini bərpa edərək Cənubi Qafqazda müasir dövlətçilik tarixinin əsasını qoyduqlarını bildirib. O, hər iki ölkənin müstəqillik yolunun çətin və şərəfli mərhələlərdən keçdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin tarixi əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycan və Gürcüstanın müstəqillik tarixi, dövlətçilik ənənələri və milli dəyərlərinə həsr olunan məruzələr dinlənilib. Gürcüstan Parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin müəllimi Zakir Məmmədov, müəllim və şairə Fatma Əliyeva, Dəllər ictimai məktəbinin əməkdaşı Natəvan Mehdiyeva, Abdallı ictimai məktəbinin müəllimi Söhrab Aslanov, eləcə də Cəfərli kəndinin həvəskar şairi Xasməmməd Cəfərli çıxışlarında hər iki ölkənin keçdiyi müstəqillik yolundan danışaraq iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin bədii hissəsində mərkəzin fəal üzvləri Almas İldırımın “Əsir Azərbaycanım” və Süleyman Rüstəmin “Azərbaycan” şeirlərini səsləndiriblər. Həmçinin Azərbaycan milli rəqslərindən olan “Uzundərə” rəqsi nümayiş olunub.
14:24 12.06.2026
Oxunuş sayı: 54