MEK-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" adlı lektoriya keçirilib.
Crossmedia.az xəbər verir ki, YAP Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə öncə müasir müstəqil Azərbaycan Respublikasının
qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin kitabxanadakı büstü ziyarət
olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, önünə gül dəstələri düzülüb.
Lektoriyada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri
giriş sözü ilə açaraq xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə
çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib.
Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider
Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi böhrandan,
parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və
inkişafın əsasını qoyub.
Çıxışı zamanı Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı
siyasətinə də toxunan direktor Heydər Əliyevin kitabxanalarımızı məhv olmaq təhlükəsindən
xilas etdiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, 90-cı illərin əvvəllərində
başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin,
qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı.
Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan
edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul
edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi.
Direktor vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu
daha da möhkəmlənir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı
zamanı tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15
iyunun tarixi və mahiyyəti haqqında danışıb. Bəxtiyar Nəbiyev bildirib ki, Ulu
Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkənin
sənaye, kənd təsərrüfatı və kadr potensialının inkişafı gələcək müstəqilliyin
möhkəm təməlini formalaşdırıb.
Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın
dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu.
Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin müəyyənləşdirdiyi
strateji kursun uğurlu davamıdır. Qarabağın azad olunması, Böyük Qayıdış
proqramının icrası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı
quruculuq işləri bunun bariz nümunəsidir.
Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru,
professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış
edib.
Alim bildirib ki, Heydər Əliyevin Azərbaycan KP MK-nın
birinci katibi kimi fəaliyyətə başladığı 1970-ci illərin əvvəllərindən etibarən
respublikanın tarixində yeni bir mərhələ – milli intibah dövrü başlanıb. Bu
dövrün əsasını Ulu Öndərin formalaşdırdığı milli ideoloji konsepsiya, milli
özünüdərk və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi təşkil edib.
Məruzəçi qeyd edib ki, XX əsrin sonlarında ölkəmizin üzləşdiyi
ağır ictimai-siyasi və iqtisadi böhran şəraitində Azərbaycanı xaosdan çıxara
biləcək güclü siyasi liderə ehtiyac var idi. Məhz buna görə də 1993-cü il
oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin
etimadını qazanaraq ölkə rəhbərliyinə seçilib.
Professor Mais Əmrahov vurğulayıb ki, müstəqilliyimizin möhkəmləndirilməsinin
birinci mərhələsi hesab olunan 1993–2003-cü illərdə Heydər Əliyevin həyata
keçirdiyi xarici siyasətin əsasını beynəlxalq hüquq normalarına hörmət, dövlətlərin
ərazi bütövlüyünün tanınması, qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqların
qorunması prinsipləri təşkil edib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycanın
müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi,
azərbaycançılıq ideologiyasının banisi və vahid milli dövlətçilik konsepsiyasının
yaradıcısı kimi daxil olub.
Məruzəçi diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində
qazanılmış tarixi Zəfərin təməlində Milli Qurtuluş Günü ilə başlanan və Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Bu strateji xətt Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib.
Tədbirdə çıxış edən Biblioqrafiya şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da görkəmli dövlət xadimi Heydər
Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında
oynadığı müstəsna roldan bəhs edib. O, Ulu Öndərin müasir Azərbaycan dövlətinin
qurulması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi
istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıb.
Lektoriya Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
16:05 12.06.2026
Oxunuş sayı: 52