Elektron resursları düzgün idarə etmək lazımdır - Mütəxəssislər danışdı
Dil öyrənmək üçün nəzərdə tutulmuş bəzi platformaların məzmunu uşaqların yaş və bilik səviyyəsinə uyğun olmayan, hətta bəzən yönləndirici və zərərli xarakterli materiallarla müşahidə olunur. Bu isə rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.
Qeyd edək ki, ötən gün keçirilən "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda ictimai müzakirədə də bu məsələyə toxunub. Bildirilib ki, bəzi dil öyrədici platformalarda guya tədris məqsədilə təqdim edilən sualların və tapşırıqların bir qismi əxlaqi və ailə dəyərləri baxımından uyğunsuz məzmun daşıya bilər. Belə ki, bu cür halların qarşısının alınması üçün ilk növbədə qanunvericilik bazası gücləndirilməli, daha sonra icra mexanizmləri təkmilləşdirilməli, eyni zamanda maarifləndirmə tədbirləri genişləndirilməlidir.
Mütəxəssislər mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verib.
Təhsil eksperti Rəşad Qardaşov qeyd edib ki, istənilən xarici dili öyrənmək dörd əsas seqmenti özündə birləşdirməlidir:

"Dörd seqment olmalıdır ki, biz xarici dili düzgün şəkildə mənimsəyə bilək. Bunlara oxumaq, yazmaq, dinləmək və danışmaq aiddir. Bunlar bir-biri ilə tam şəkildə olduqda biz istənilən xarici dili rahat öyrənə bilərik. Xarici dili öyrənmək üçün hansısa audio materiallara və filmlərə baxmaq kifayət deyil. Bununla sadəcə məlumatlanırıq. Xarici dili öyrənmək üçün yalnız qrammatik qaydaları bilmək də kifayət deyil. Çünki təhsil və təcrübə eyni zamanda birlikdə olmalıdır. Biz dil öyrənməyə təhsil kimi yanaşırıqsa, mütləq şəkildə bu dörd komponenti - yazma, oxuma, dinləmə və danışmanı - təcrübə kimi bir araya gətirməliyik. Ona görə də təhsil və təcrübə birlikdə olduqda biz müvəffəqiyyət əldə edə bilərik. Bu, dil öyrənməyin əsas qaydalarıdır".
R. Qardaşov gənclərin dil öyrənərkən istifadə etdiyi platformalarla bağlı məsələyə də toxunub:
“Əvvəllər Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə oxuyan tələbələr üçün dörd illik ağır tədris proqramları tətbiq olunurdu. Çünki dövrün tələbi belə idi. Xarici dil lüğətini əldə etmək üçün aylarla, günlərlə, saatlarla kitabxanalarda çalışmaq lazım idi. Lakin artıq zaman dəyişib. Cənab Prezidentimiz İlham Əliyev süni intellekt strategiyasını imzalayıb. Biz artıq süni intellektdən yüksək səviyyədə istifadə edirik və etməliyik. O, bizim həyatımızın ayrılmaz tərkib hissəsidir. Artıq bunun üçün tərcümə sahəsində aylarla, illərlə çalışmaq əvəzinə yeni texnologiyalardan istifadə olunur. Bunun üçün artıq müəyyən innovativ və yenilikçi sahələr mövcuddur. Bunlara süni intellekt və müxtəlif tərcümə proqramları daxildir”.
Müsahibimizin sözlərinə görə, tərcümə proqramları və istifadə etdiyimiz texnologiyalar illərlə çəkilən zəhmətin tam əvəzini verə bilməyə də bilər:
“Buna görə də biz dil öyrənərkən yalnız bu platformalara arxalanmamalıyıq. Sosial şəbəkələrdə tez-tez belə reklamlar görmək olur: ‘6 aya ingilis dilində danış’, ‘4 aya ingilis dilini mükəmməl səviyyəyə qaldır’ kimi reklam xarakterli kurslara çox rast gəlmək olur. Bu platformaların nə dərəcədə düzgün və ya yanlış olması ayrıca tədqiqat mövzusudur. Dil öyrənmək təkcə söz əzbərləmək deyil. Dil öyrənmək üçün onun strukturunu bilmək, istifadə yerini anlamaq lazımdır. Məişət üslubundan tutmuş rəsmi üsluba qədər istifadəsini düzgün müəyyənləşdirmək vacibdir. Amma qısa zamanda nəticə əldə etmək istəyiriksə, bu imkanlardan da düzgün şəkildə yararlanmalıyıq. Dediyimiz kimi, bütün bunlar elektron resurslardan istifadə ilə bağlıdır. Elektron resursu düzgün idarə etsən, o sənə xidmət edəcək. Yox, əgər ondan düzgün istifadə etməsən və ondan asılı vəziyyətə düşsən, o səni idarə edəcək. Bu platformalardan düzgün istifadə edib, onları özümüzə uyğunlaşdırmalıyıq”.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı isə məsələnin psixoloji tərəfini izah edib:

"Uşaqların yaşına uyğun olmayan rəqəmsal məzmunla qarşılaşması onların psixoloji inkişafına ciddi təsir göstərə bilər. Xüsusilə erkən yaş dövründə uşaqlar gördükləri və eşitdikləri məlumatları tənqidi şəkildə analiz etmək qabiliyyətinə tam malik olmadıqları üçün rəqəmsal mühitdə təqdim olunan məzmunu reallıq kimi qəbul etməyə meylli olurlar. Bu isə onların dünyagörüşünün, dəyərlər sisteminin və sosial davranışlarının formalaşmasına birbaşa təsir edir. Yaşa uyğun olmayan məzmun uşaqlarda qorxu, narahatlıq, təşviş və emosional gərginlik yarada bilər. Aqressiv görüntülər, zorakılıq səhnələri və ya psixoloji baxımdan ağır məlumatlar uşağın təhlükəsizlik hissini zəiflədə, yuxu pozuntularına, diqqət dağınıqlığına və davranış problemlərinə səbəb ola bilər. Bəzi hallarda uşaqlar gördükləri davranış modellərini təqlid etməyə başlayırlar ki, bu da həm ailədaxili münasibətlərə, həm də məktəb mühitindəki davranışlarına mənfi təsir göstərir. Digər mühüm məsələ uşaqların yaş səviyyəsinə uyğun olmayan sosial və mənəvi mesajlarla qarşılaşmasıdır".
Psixoloq hesab edir ki, uşaq şəxsiyyəti hələ formalaşma mərhələsində olduğu üçün təqdim olunan ideyalar və davranış nümunələri onun kimlik inkişafına təsir edə bilər
"Bu səbəbdən uşaqların hansı məzmunla qarşılaşdıqları məsələsi yalnız texnoloji deyil, həm də psixoloji və pedaqoji məsələ kimi qiymətləndirilməlidir. Rəqəmsal platformaların əsas məqsədi təhsil və inkişaf olsa da, onların məzmununun mütəmadi monitorinq edilməsi vacibdir. Xüsusilə xarici platformalarda müxtəlif ölkələrin mədəni, sosial və etik yanaşmaları əks olunduğundan, həmin məzmunun yerli dəyərlər və uşaqların yaş xüsusiyyətləri baxımından uyğunluğu qiymətləndirilməlidir".
E.Rüstəmov bu prosesdə valideynlərin rolunun olduqca böyük olduğunu deyib:
"Sadəcə texniki məhdudiyyətlər tətbiq etmək kifayət deyil. Valideynlər uşaqların istifadə etdiyi tətbiqlər və platformalarla tanış olmalı, övladları ilə açıq ünsiyyət qurmalı, onların qarşılaşdıqları məzmun barədə söhbət etməlidirlər. Uşağa qadağa qoymaqdan daha çox, rəqəmsal savadlılıq və tənqidi düşünmə bacarığı aşılamaq vacibdir.Məktəblər və aidiyyəti qurumlar da rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirmə işlərini gücləndirməlidirlər. Müasir dövrdə uşaqları rəqəmsal mühitdən tam uzaq saxlamaq mümkün deyil. Əsas məqsəd onların təhlükəsiz, sağlam və inkişafedici rəqəmsal mühitdə böyüməsini təmin etməkdir. Bunun üçün valideyn, müəllim, mütəxəssis və platforma yaradıcılarının birgə məsuliyyəti və əməkdaşlığı zəruridir".
Fatimə Məmmədova
10:04 11.06.2026
Oxunuş sayı: 73