Uşaqlar valideyndən çox telefona ehtiyac duyur - nə etməli?
Smartfon və planşetlər uşaqların gündəlik həyatının böyük bir hissəsini ələ keçirib. Ekranlar artıq yalnız əyləncə vasitəsi deyil, uşaqların video izlədiyi, oyun oynadığı, ünsiyyət qurduğu və müxtəlif məlumatlar əldə etdiyi rəqəmsal mühitdir. Bu imkanlarla yanaşı, uşaqların ekran qarşısında keçirdiyi vaxt və rəqəmsal məzmunla münasibəti valideynlər üçün yeni suallar yaradır. Xüsusilə məktəbəqədər və kiçik yaşlı uşaqlarda telefonun tez-tez sakitləşdirici vasitə kimi istifadə edilməsi zamanla müəyyən davranış vərdişlərinin formalaşmasına təsir göstərə bilər. Uşağın ağladığı, darıxdığı və ya valideynin diqqət ayıra bilmədiyi anlarda ekranın alternativ həll kimi təqdim olunması bu vərdişi daha da gücləndirə bilər. Digər tərəfdən, məsələ yalnız uşağın telefon qarşısında keçirdiyi saatlarla məhdudlaşmır. Evdə valideynlərin özlərinin telefon və digər ekranlardan necə istifadə etməsi də uşağın rəqəmsal davranışlarının formalaşdığı mühitin bir hissəsidir. Buna görə uşaqlarda ekran istifadəsi ilə bağlı yanaşma yalnız qadağalar üzərində deyil, ailədaxili ünsiyyət və gündəlik davranış nümunələri üzərində də qurulur.
Mövzu ilə bağlı İngla Kids and Preschool direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında bildirib:
“Bəzən uşağı valideynindən uzaqlaşdıran telefon deyil, telefonun doldurduğu boşluqdur. Məncə, rəqəmsal dünya haqqında danışarkən ən çox diqqətdən qaçırdığımız məqam da məhz budur. Uşaq niyə saatlarla telefonda qalmaq istəyir, niyə real söhbətdən çox virtual dünyaya üstünlük verir, niyə darıxan kimi ilk olaraq ekran axtarır? Bu sualların cavabını yalnız ekran müddətində axtarmaq doğru deyil. Bəzən telefon uşağın əyləncəsi olur, bəzən sakitləşdiyi yer, bəzən də özünü tək hiss etməmək üçün sığındığı bir vasitə. Xüsusilə uşaq hər ağlayanda, əsəbiləşəndə və ya valideyn məşğul olanda ona telefon verilirsə, uşaq yavaş-yavaş bir şeyi öyrənir: çətin hisslər yaşayanda mənə insan yox, ekran kömək edir. Məncə, emosional məsafə də elə burada başlayır. Maraqlısı budur ki, bu məsafəni yaradan tərəf hər zaman uşaq olmur. Valideyn uşağın yanında oturub özü telefonda olduqda fiziki yaxınlıq var, amma emosional təmas yoxdur. Uşaq gün ərzində dəfələrlə “Ana, bax”, “Ata, bax” deyirsə, əslində bizdən sadəcə baxmağımızı deyil, onun dünyasına qoşulmağımızı istəyir. Uşaqlar üçün diqqət sevginin ən görünən formalarından biridir".
Psixoloq qeyd edib ki, buna görə həll yolu evdə telefonu qadağan etmək deyil: "Əksinə, qadağadan daha təsirli olan münasibəti gücləndirməkdir. Uşağın oynadığı oyunla maraqlanmaq, izlədiyi videonu onunla müzakirə etmək, gün ərzində qısa da olsa yalnız ona ayrılan vaxt yaratmaq, yemək masasında və yatmazdan əvvəl ekranları bir kənara qoymaq çox daha təsirli ola bilər. Hətta valideynin öz telefonunu kənara qoyması uşağa verilən ən güclü mesajlardan biridir. Çünki uşaqlar bizim qoyduğumuz qaydalardan çox, yaşadığımız davranışları öyrənirlər. Əgər uşaq real münasibətdə özünü eşidilmiş, görülmüş və maraqlı hiss edirsə, virtual dünya onun üçün münasibətin əvəzi deyil, sadəcə həyatının bir hissəsi olur. Ona görə də valideynlərə yalnız “Uşağım telefonda neçə saat keçir?” sualını verməyi deyil, “Mənimlə olduğu zaman özünü nə qədər görülmüş və eşidilmiş hiss edir?” sualını da verməyi tövsiyə edərdim. Bəzən dəyişiklik məhz bu sualdan başlayır”.
Zeynəb Həsən
17:00 17.09.2026
Oxunuş sayı: 45