Azərbaycanda sahilyanı sağlamlıq və müalicə yerləri ilə bağlı model qanun layihəsi hazırlanıb
Azərbaycanda sahilyanı sağlamlıq və müalicə yerlərinə dair model qanun layihəsi hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bu il artıq beşinci model qanun layihəsinin təsdiq olunması mərhələsinə çatıb:
"Son qanun layihəsi sahilyanı sağlamlıq və müalicə yerləri ilə əlaqədar olduqca ciddi və fundamental xarakterli bir sənəddir. Sənədin oktyabr ayında keçiriləcək plenar sessiyada qəbul edilməsi nəzərdə tutulur".
Adil Vəliyev bildirib ki, Azərbaycan təbii müalicə resurslarının bolluğu, müxtəlifliyi və unikallığı baxımından fərqlənir:
"Belə ki, ölkəmizdə təbiətin bəxş etdiyi dəniz, göllər, çaylar, palçıq vulkanları, duz yataqları, müalicəvi mineral sular və minlərlə su mənbəyi mövcuddur. Lakin sahilyanı sağlamlığa aid qanun layihəsini hələlik milli qanunvericilik sisteminə daxil edə bilməmişik. Azərbaycan öz zəngin təbii sərvətlərinə və müalicəvi-sağlamlaşdırma məkanlarına görə bu sahənin ümumi tənzimlənməsini mütləq qaydada həyata keçirməlidir. Postsovet məkanında yalnız iki ölkədə sahilyanı sağlamlığa dair qanun qəbul edilib".
15:21 17.09.2026
Oxunuş sayı: 44