Ev ünvanını yayana cəza gəlir
Böyük Britaniyanın mədəniyyət naziri Liza Nandi insanların ev ünvanlarının internetdə yayılmasını nəzərdə tutan doxxing hallarını cinayət əməli kimi qiymətləndirmək üçün qanunvericiliyin sərtləşdiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Nandi sosial media platformalarında bu cür sui-istifadə hallarını müzakirə etmək üçün çərşənbə axşamı şirkətlərin nümayəndələri ilə görüş keçirib.
Nazirin sözlərinə görə, hazırda şəxsi məlumatların bu şəkildə yayılması yalnız açıq şəkildə qorxu, zərər və ya narahatlıq yaratmaq niyyəti olduqda qanunsuz hesab edilir. O, qanundakı bu boşluğu aradan qaldırmaq üçün qaydaların sərtləşdiriləcəyini deyib.
Nandi görüşə qatılmayan “X” sosial media platformasını isə “biabırçılıq” adlandırıb. Bundan əvvəl Kral Milli Xilasetmə Qayıqları İnstitutunun (RNLI) rəhbəri La-Manş boğazından miqrant keçidləri ilə bağlı xeyriyyə təşkilatının könüllülərinin internetdə və fiziki şəkildə təhqir və zorakılığa məruz qalmasını pisləmişdi. Bu hadisə Fransadan 120 nəfərin RNLI-nin köməyi ilə Portsmut sahilinə çatmasından sonra keçirilən etiraz aksiyalarının ardınca baş vermişdi.
16:01 17.09.2026
Oxunuş sayı: 46