Filarmoniyada "Azərbaycanın Qurtuluş Salnaməsi" adlı hesabat konserti keçirilib
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanın Qurtuluş Salnaməsi" adlı hesabat konserti ilə çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbiri mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, eləcə də nazirliyin digər əməkdaşları və media mənsubları izləyiblər.
Konsertdən əvvəl məktəbin Rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, həmçinin Xoreoqrafiya şöbəsinin təqdim etdiyi rəqs kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra "Azərbaycanın Qurtuluş Salnaməsi" adlı hesabat konserti təqdim olunub.
Proqram çərçivəsində Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutub. Gecənin dirijoru Mustafa Mehmandarov olub.
Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova "Report"a açıqlamasında məktəbin son bir ildə əldə etdiyi uğurların bu konsertdə öz əksini tapdığını bildirib.
"Bu il bizim üçün yaradıcı və uğurlu olub. Keçən il biz 25 tədbir keçirmişdiksə, bu il bu tədbirlərin sayı 30-u keçib. Bu da şübhəsiz davamlı çalışmağın və əməyin nəticəsidir", – direktor vurğulayıb.
Direktor sözügedən tədbirlərin paytaxt Bakı ilə yanaşı, regionlarda da həyata keçirildiyini deyərək bu kimi əməkdaşlıqların davam etdirikəcəyini bildirib.(Report)
19:52 10.06.2026
Oxunuş sayı: 53