Universitetə qəbul olmaq üçün repetitora ehtiyac qalmayacaq - YENİ SİSTEM
10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsil müəssisələrinə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli və sistemli şəkildə təşkilinə xidmət edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə gücləndirilmiş tədris vasitəsilə ali təhsil üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model üzrə 10 və 11-ci sinif şagirdlərinin qəbul prosesində iştirak imkanı olacaq.
Bildirilir ki, təmayül tədris modelinin əsas üstünlükləri sırasında akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, ixtisaslı müəllim heyəti, aylıq sınaq imtahanlarının keçirilməsi, həmçinin şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarını inkişaf etdirən dərnəklərin təşkili yer alır.
Qeyd olunur ki, yeni model tam orta təhsil səviyyəsində məktəblərin akademik rolunun gücləndirilməsinə və ali məktəblərə hazırlığın daha effektiv təşkilinə xidmət edəcək.
Ətraflı məlumatın aidiyyəti regional təhsil idarələrindən əldə edilə biləcəyi bildirilib.
16:22 10.06.2026
Oxunuş sayı: 65