ABŞ NATO-nu tərk edir?
Qlobal təhlükəsizliyin onurğa sütunu hesab olunan NATO yarandığı gündən bəri, bəlkə də, ən ciddi geosiyasi sınaqlarından birini yaşayır. Xüsusilə Donald Trampın Ağ Evə gəlişi ilə Vaşinqtonun müttəfiqlərinə qarşı sərtləşən maliyyə tələbləri, transatlantik bağlarda görünməmiş bir çat yaratmış durumdadır. İllərdir ABŞ-nin hərbi çətiri altında rahatlaşan Avropa paytaxtları, indi “maliyyə yükünün ədalətli bölünməsi” təzyiqi qarşısında öz müdafiə strategiyalarını yenidən nəzərdən keçirməyə məcburdur. Bu gərginlik fonunda "ABŞ NATO-dan çıxa bilərmi?" sualı artıq sadəcə bir ehtimal deyil, alyansın gələcəyini təhdid edən ciddi bir geosiyasi dilemka kimi müzakirə olunur. Vaşinqtonun təbii liderlik statusunun sarsılması, Fransa başda olmaqla Avropa nəhənglərini ABŞ-dən asılı olmayan müstəqil hərbi güc axtarışlarına sövq edir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal xaos mühitində belə davam edən bu daxili etibarsızlıq böhranı, təşkilatın parçalanma ərəfəsində olduğunu deyil, köklü bir transformasiya dövrünə qədəm qoyduğunu göstərir. Trampın ziddiyyətli bəyanatları ilə alovlanan bu fırtınanın alyansı tamamilə dağıdacağı, yoxsa Avropanın daha güclü söz sahibliyi ilə yeni bir formata daşıyacağı isə hazırda qlobal siyasətin ən kritik sualıdır.
Məsələ ilə bağlı siyasi elmlər doktoru, professor Sabir Məmmədli Crossmedia.az-a açıqlama verib.

"ABŞ-nin rəhbərliyinə Donald Trampın gəlişindən sonra NATO daxilində ciddi problemlər yaranmağa başladı. Belə ki, ABŞ administrasiyası NATO üzvlərindən hərbi xərcləri artırmağı tələb etdi. İddia ondan ibarət idi ki, ABŞ indiyə qədər NATO-nun bütün maliyyə xərclərinin böyük hissəsini öz çiyinlərinə götürüb, Avropa ölkələri isə bu maliyyə yükünün çox az hissəsini öz büdcələrindən qarşılayıb. Bununla bağlı NATO üzvləri arasında fikir müxtəlifliyi yarandı.
ABŞ-nin təzyiqi nəticəsində Avropa ölkələri tərəfindən maliyyə xərcləri artırılmağa başladı. ABŞ-nin tələbinə əsasən, Avropa ölkələri hərbi büdcələrini 5%-ə çatdırmalıdırlar. Bu səbəbdən problemlər daha da böyüdü. Eyni zamanda, bir çox beynəlxalq məsələlərdə NATO ölkələri arasında fikir ayrılığı meydana gəldi. Donald Trampın bəzən ziddiyyətli, məntiqdən kənar və indiyə qədərki ABŞ hərbi və siyasi xəttinə uyğun olmayan açıqlamalar verməsi vəziyyəti daha da gərginləşdirdi.
Bu mənada, artıq Avropa ölkələri ABŞ-yə qarşı müəyyən dərəcədə ehtiyatlı davranmağa, hətta onun etinasız yanaşmasına narazılıq bildirməyə başladılar. Çünki ABŞ bəzi məsələlərdə NATO üzvləri ilə heç məsləhətləşmirdi. Halbuki indiyə qədər bu alyansın həm nizamnaməsində, həm də ənənəvi fəaliyyətində üzv ölkələr arasında ciddi bir etibar var idi; onlar kəşfiyyat məlumatlarını bölüşür, vaxtaşırı məsləhətləşmələr aparırdılar. Heç vaxt bir ölkə digərinə qarşı bu dərəcədə etinasız və etibarsız yanaşmamışdı.
Ona görə də bu fikir ayrılıqları get-gedə dərinləşməyə başladı və xüsusilə Rusiya-Ukrayna müharibəsindən əvvəl daha da ciddiləşdi. Hazırda NATO ölkələri arasında problemlər dərinləşməkdə davam edir, lakin eyni zamanda, tərəflər bu problemləri diplomatik danışıqlar müstəvisində həll etməyə, müəyyən razılıqlar əldə etməyə çalışırlar. Buna baxmayaraq, etibarsızlıq artıq ABŞ administrasiyası ilə Avropa ölkələri arasında ciddi kök salıb.
Hətta Avropa ölkələri artıq özlərinin hərbi qüvvələrini yaratmağa çalışırlar. Bir neçə dəfə Fransa rəhbəri bununla bağlı çıxışlar etmiş, açıqlamalar vermiş və təşəbbüslərlə çıxış etmişdir".
Müsahibimiz onu da bildirib ki, Donald Trampın bu siyasətinə ölkə daxilindən də ciddi reaksiyalar var: "İndiki vəziyyətdə ABŞ Konqresi və Senatı da Donald Trampı ciddi şəkildə sıxışdırır, ona irad bildirir ki, NATO ölkələrinə qarşı belə davranmaq ABŞ-nin öz siyasətinə və gələcək geosiyasi maraqlarına uyğun gəlmir. Ona görə də Donald Tramp müəyyən məqamlarda bəzən NATO ölkələri ilə yaxınlaşmağa, öz diktəsini yumşaltmağa meyilli görünür, lakin Avropa ölkələri artıq ABŞ administrasiyasına o dərəcədə etibar etmirlər.
Belə olan halda, onlar tədricən özlərinin söz sahibi olması uğrunda fəaliyyətlərini gücləndirirlər. Düşünürəm ki, bu proses getdikcə daha da güclənəcək. Çünki bir çox Avropa liderləri açıqlama verirlər ki, bundan sonra ABŞ administrasiyasına inanmaq olmaz və gələcək təhlükəsizlik məsələlərində Avropa ölkələri yalnız özlərinə güvənməlidirlər.
Bu mənada NATO daxilində transformasiya gedir, dəyişikliklər baş verir. Hərbi Komitənin rəhbəri tərəfindən verilən "Alyans parçalanmır, dəyişir" açıqlaması müəyyən mənada həqiqətə uyğundur. Avropa ölkələri artıq daha güclü söz sahibi olmağa çalışırlar. Düşünmürəm ki, ABŞ NATO-dan çıxsın. Çünki bu, ABŞ-nin milli maraqlarına xidmət etməz. Hesab edirəm ki, Donald Tramp hakimiyyətdən gedəndən sonra yenidən konsolidasiya prosesi başlayacaq, NATO bir hərbi blok kimi öz varlığını qoruyub saxlayacaq və öz gücünü yenidən nümayiş etdirəcək".
Turqut Ansari
13:44 02.06.2026
Oxunuş sayı: 57