Tehran: Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyi təmin olunacaq
İranın Ali Rəhbərinin müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, hazırda Hörmüz boğazından gəmilərin keçidi davam edir və gün ərzində boğazdan 30-dan çox gəmi keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Onun sözlərinə görə, İran keçidlə bağlı Omanla daimi əlaqə saxlayır. Səfəvi qeyd edib ki, ABŞ-nin atəşkəsi pozmasına cavab olaraq ABŞ hərbi bazalarına zərbələr endirilib və amerikalı hərbçilər arasında itkilər olub.
Y.R.Səfəvi həmçinin iddia edib ki, ABŞ-nin hərbi gəmiləri İranın atəş nəzarəti altındadır və lazım gəldiyi təqdirdə hədəfə alına bilər.
O bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatları davam etdiyi müddətdə ABŞ-lə hər hansı razılaşmanın əldə olunması mümkün olmayacaq və bu mövqedə dəyişiklik nəzərdə tutulmur.
Müşavirin sözlərinə görə, hazırda aparılan danışıqlarda İranın nüvə proqramı və zənginləşdirilmiş uran məsələsi müzakirə edilmir. O əlavə edib ki, Rusiya, Çin və digər dost ölkələrin gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi təmin olunacaq.
Y.R.Səfəvi qeyd edib ki, artıq bir sıra Körfəz ölkələri keçidlə bağlı Tehranla əlaqə saxlayaraq icazə üçün müraciət edib.
22:38 31.05.2026
Oxunuş sayı: 48