Abbasqulu ağa Bakıxanov: Sözün, vətənin sadiq övladı
Bu gün mayın 31-də Azərbaycan tarixşünaslığının banisi, görkəmli maarifçi, şair, filosof və alim Abbasqulu ağa Bakıxanovun vəfatından 179 il ötür. XIX əsrin qaranlıqlarına işıq salan bu dahi şəxsiyyət 1847-ci ilin bu günündə, müqəddəs Həcc ziyarətindən qayıdarkən Vadiyi-Fatimənin qucağında vəba xəstəliyinə tutularaq əbədiyyətə qovuşdu. Cismən getdi, amma fikirləri, əsərləri, sözü bu millətin yaddaşında qaldı.
1794-cü il iyunun 21-də Bakının Əmircan kəndində, dəniz nəfəsli bir evdə dünyaya göz açdı. Uşaqlığı Abşeronun yel əsən kəndlərində, daş divarlı həyətlərdə keçdi. Sonra taleyi onu Qubanın Əmsar kəndinə, elm çırağının yandığı mədrəsəyə apardı. ərəb və fars dillərini elə mənimsədi ki, sanki Şərq hikməti onun dilində dirildi. Rus dilini, Qərb elmlərini öyrənəndə isə Şərqlə Qərb arasında bir körpü qurdu adı isə Abbasqulu ağa Bakıxanov oldu.
1819-cu ildə Qafqazın baş hakimi Aleksey Yermolov onu Tiflisə dəvət etdi. Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi kimi xidmətə başladı. Amma o, sadəcə tərcüməçi deyildi. O, tarixin şahidi, tarixin yazıçısı idi. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin imzalanma otağında durub, millətin taleyini yazan sənədlərin sözünü dilə-dilə keçirdi. Qələmi qılıncdan iti, sözü güllədən keçərli idi.
Abbasqulu ağanı bizə əbədi edən “Gülüstani-İrəm” oldu. Azərbaycan tarixşünaslığının ilk fəryadı, ilk fundamental əsəri. Şirvanın, Dağıstanın qədim daşlarını bir-bir qaldırıb, altından xalqın yaddaşını çıxardı. Qədim dövrlərdən XIX əsrin əvvəllərinədək Şirvanın nəfəsini kağıza köçürdü. Məhz buna görə onu “Azərbaycanın ilk tarixçisi” adlandırırıq.
Amma Bakıxanov təkcə tarixçi deyildi. “Qüdsi” təxəllüsü ilə qələm tutanda, şeir onun dilində dua kimi səslənirdi. Azərbaycan, ərəb, fars dillərində yazdığı qəzəl, qəsidə, rübai, poemalar bir sözlə hamısı insan qəlbinə yol tapırdı. “Riyazül-Qüds”, “Mişkatül-Ənvar”, “Əsrarül-Mələkut”, “Təhzibül-Əxlaq”, “Eynül-Mizan”.. Bu əsərlərdə elm var idi, əxlaq var idi, kamillik var idi. O, insanı oxuyur, oxuyub insan olmağı öyrədirdi.
Maarifçi Bakıxanov üçün cəhalət ən böyük düşmən idi. “Xalqın zənciri cəhalətdir, açarı elm” deyib ömrünü maarifləndirməyə həsr etdi. Şərqin hikmətini Qərbin elmi ilə bir süfrəyə yığdı. Sonrakı Azərbaycan maarifçiləri Axundovdan tutmuş Zərdabiyədək hamı onun çırağından alov götürdü.
1835-ci ildə Qubada yaratdığı “Gülüstan” elmi-ədəbi məclisi isə o dövrün ziyalı məscidi idi. Orada söz müzakirə olunurdu, fikir yuyulub parıldanırdı. Həmin məclis Azərbaycan ədəbi və elmi mühitinə bir nəfəs, bir ümid oldu.
Ömrünün son illərində Yaxın Şərqə, müqəddəs torpaqlara üz tutdu. Həcc ziyarətini yerinə yetirib, Mədinə yolunda ikən Vadiyi-Fatimədə vəba onu haqladı. Sanki ömrünü də söz kimi müqəddəs bir yerdə bitirdi.
Bu gün Abbasqulu ağa Bakıxanovun adı Azərbaycan elminin, ədəbiyyatının, milli düşüncə tarixinin ən uca zirvələrindən birində dayanır. Onun irsi bir kitabxana deyil, bir millətin yaddaşıdır. XIX əsrin deyil, bütün zamanların xəzinəsidir.
O getdi, amma “Gülüstani-İrəm” qaldı. “Qüdsi”nin qəzəli qaldı. Və ən əsası maarif eşqi qaldı. Çünki böyük insanlar ölmür, onlar sözlərində, fikirlərində, qoyduqları izdə yaşayırlar.
Nigar Xəlilli
15:04 31.05.2026
Oxunuş sayı: 78