Həssas uşaqlarla işdə əsas məsələ uşağı “dəyişdirmək” deyil, onu anlamaqdır- Psixoloq
Günümüzdə uşaqlar arasında nitq qüsurları, gec danışma, ünsiyyət çətinlikləri və autizm spektri ilə bağlı hallar ailələrin, pedaqoqların və mütəxəssislərin daha çox diqqət yetirməli olduğu vacib məsələlərdən birinə çevrilib. Xüsusilə erkən yaş dövründə bu problemlərin vaxtında fərq edilməməsi uşağın sosiallaşmasına, özünü ifadə etməsinə və gələcək inkişafına ciddi təsir göstərə bilir. Bu baxımdan həssas uşaqlarla aparılan peşəkar iş, erkən müdaxilə və ailə-mütəxəssis əməkdaşlığı yalnız tibbi və pedaqoji deyil, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır.
Türkiyədə çalışan, inkişaf etdirdiyi texnologiyalar və fərdi terapiya yanaşmaları ilə uğur qazanmış Azərbaycan kökənli loqoped Nuriyyə Novruzova Crossmedia.az-a açıqlamasında həssas uşaqların inkişafı, nitq və ünsiyyət problemləri ilə bağlı mühüm məqamlara diqqət çəkib.

Onun sözlərinə görə, müasir dövrdə uşaqlarda nitq gecikməsi, sosial ünsiyyət çətinlikləri, duyğu həssaslığı və davranış fərqlilikləri daha çox görünür: "Lakin bu hallara yalnız “gec danışma” və ya “kapriz” kimi baxmaq doğru deyil. Çünki bir çox hallarda uşağın davranışı onun daxili narahatlığının, duyğu yüklənməsinin və özünü ifadə edə bilməməsinin göstəricisidir. Valideynlər bəzən “atası da gec danışıb”, “oğlan uşaqları gec danışır”, “böyüyəndə düzələr” kimi düşüncələrlə mütəxəssisə müraciəti gecikdirirlər. Halbuki uşağın adına reaksiya verməməsi, göz kontaktından yayınması, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkməsi, səsə, işığa, toxunuşa və qida teksturasına həddindən artıq həssaslıq göstərməsi ciddi müşahidə tələb edən əlamətlərdir. Həssas uşaqlarla işdə ən böyük yanlışlardan biri uşağı müqayisə etməkdir. “Filankəsin uşağı danışır, sən niyə danışmırsan?” kimi cümlələr uşağın inkişafını sürətləndirmir, əksinə, onda əlavə gərginlik yaradır. Uşağın davranışını “inad”, “tərbiyəsizlik” və ya “problem” kimi qiymətləndirmək də düzgün yanaşma deyil. Çünki həssas uşaq çox zaman davranışı ilə böyüklərə bir mesaj verir və bu mesajı oxumaq mütəxəssisin, ailənin və pedaqoqun əsas vəzifəsidir".
N.Novruzova bildirir ki, terapiya yalnız kabinetdə aparılan məşqlərlə məhdudlaşmamalıdır: "Uşaq həftədə bir neçə dəfə mütəxəssisə getsə də, evdə onunla düzgün ünsiyyət qurulmursa, inkişaf prosesi ləngiyə bilər. Bu baxımdan valideyn terapiyanın sadəcə müşahidəçisi deyil, fəal iştirakçısı olmalıdır. Çünki uşağın ən təbii inkişaf mühiti ailədir".
O, texnologiyanın logopediya sahəsində roluna da toxunaraq qeyd edir ki, müasir texnoloji vasitələr düzgün istifadə olunduqda terapiya prosesini daha izlənə bilən, ölçülə bilən və maraqlı hala gətirir: "Oyunlaşdırılmış tapşırıqlar uşağın diqqətini artırır, rəqəmsal izləmə isə valideynə uşağın əvvəlki və hazırkı inkişaf mərhələsini daha aydın görməyə imkan verir. Bununla belə, texnologiya nə mütəxəssisi, nə də ailə ünsiyyətini əvəz edə bilər; o, yalnız dəstəkləyici vasitədir. Həssas uşaqlarla işdə “tez nəticə” gözləntisi də doğru deyil. Bəzi nitq problemləri qısa müddətdə aradan qalxa bilər, lakin duyğu həssaslığı, sosial kommunikasiya çətinliyi və çoxşaxəli inkişaf problemləri daha uzunmüddətli, səbirli və mərhələli yanaşma tələb edir. Burada əsas məqsəd uşağı “hamı kimi etmək” deyil, onun potensialını maksimum şəkildə ortaya çıxarmaqdır".
N. Novruzovanın sözlərinə görə, bəzən bir uşağın ilk dəfə “ana” deməsi, göz kontaktı qurması və ya istədiyini sözlə ifadə etməsi ailə üçün böyük bir dönüş nöqtəsinə çevrilir: "Bu səbəbdən inkişafı yalnız böyük cümlələrlə ölçmək doğru deyil. Kiçik görünən irəliləyişlər bəzən uşağın və ailənin həyatında çox böyük mənalar daşıyır.
O, cəmiyyətin də bu mövzuda daha həssas olması lazım olduğunu bildirir. Bağçalarda, məktəblərdə və ictimai yerlərdə həssas uşaqlara qarşı anlayışlı münasibət formalaşmalıdır. Valideynləri günahlandırmaq və uşaqları etiketləmək əvəzinə, “bu ailəyə necə dəstək ola bilərik?” sualı ön plana çıxmalıdır. Hər uşaq özünü ifadə etmək istəyir. Sadəcə bəzi uşaqların səsini eşitmək üçün daha çox səbrə, daha sakit mühitə, daha düzgün yanaşmaya və daha anlayışlı böyüklərə ehtiyac var. Həssas uşaqlarla işdə əsas məsələ uşağı zorla dəyişdirmək deyil, onun dünyasına daxil olaraq inkişaf yolunu birlikdə qurmaqdır".
Fatimə Məmmədova
18:40 29.05.2026
Oxunuş sayı: 48