Süni yağışla bağlı iddialara aydınlıq gətirildi
Regionda geniş müzakirələrə səbəb olan məlumatlardan biri İranın Əfqanıstandakı səfirliyinə aid sosial şəbəkə hesabında yayılan və daha sonra silinən paylaşım olub.
İddialara görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində yerləşən və hava şəraitinə təsir imkanlarına malik olduğu deyilən radar bazasına endirilən zərbədən sonra İran və İraqda uzunmüddətli quraqlıq dayanıb, güclü yağışlar başlayıb.
Sosial mediada yayılan versiyalarda atmosferə yüksək tezlikli dalğalar vasitəsilə müdaxilə edildiyi, hətta iqlim texnologiyalarından geosiyasi və hərbi məqsədlərlə istifadə olunduğu iddia edilir.
Məsələ ilə bağlı rəsmi təsdiqlənmiş məlumat olmasa da, bu mövzu həm ekoloji, həm də siyasi təhlükəsizlik baxımından müzakirələri artırıb.
Crossmedia.az olaraq mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.

Ekoloq Qorxmaz İbrahimov bildirib ki, rəsmi və elmi əsası olmayan iddialara şərh vermək düzgün deyil: “Təsdiqlənməmiş məlumatlara cavab vermirəm. Söhbət əsassız bir iddiadan gedir.
İran uzun müddət Yaxın və Orta Şərqdə aktiv mövqelərə malik olub. Əgər sözügedən radar və ya baza, həqiqətən, mövcud olsaydı, İran tərəfindən indiyə qədər zərərsizləşdirilməməsi məntiqsizdir. Bu yanaşma real faktlara əsaslanmır”.
Qorxmaz İbrahimov qeyd edib ki, İraq və İran ərazilərinin əhəmiyyətli hissəsi quraqlıq zonasına düşür və bu bölgələrdə yağıntılar tarixən azdır: “Bəzi ərazilərdə bu il yağıntılı dövr müşahidə olunur. Tektonik və hidrogen tipli silahların atmosferə təsiri mümkündür. Bunun nəticəsində süni yağış yaradıla bilər. Lakin yağışın qarşısının alınması, buludların radar vasitəsilə dayandırılması və uzunmüddətli quraqlığın süni şəkildə yaradılması iddiası elmi əsaslara söykənmir. Buludları radarla ləğv edib illərlə quraqlıq yaratmaq iddiası cəfəngiyatdır. Mən hərbi mütəxəssis deyiləm, ona görə də bu istiqamətdə konkret fikir bildirmirəm”.
Ekoloq vurğulayıb ki, bu il regionda müşahidə olunan yağıntılar ekoloji baxımdan müsbət təsir göstərib: “Bu ilki yağıntılar İran, Azərbaycan, Türkiyə və Ermənistan ərazilərini canlandırıb. Ekosistemlər, torpaq və bioloji müxtəliflik yağıntılardan faydalanır. Yağıntıların ekosistemə mənfi təsiri yoxdur”.

Politoloq Əziz Əlibəyli isə belə bir fikir bildirib ki, buludlara texniki müdaxilə imkanları mövcuddur, lakin bunun hərbi alət kimi təqdim olunması həqiqəti əks etdirmir: “Düzdür, belə texniki imkanlar var. Hidrolik yolla dövlətlərin buludlara müəyyən təsir göstərməsi mümkündür. Amma bunun deyildiyi qədər ‘müharibə aləti’ olması iddiaları özünü doğrultmur. Azərbaycanda müşahidə olunan qeyri-xarakterik hava hadisələrinin səbəbi coğrafi amillərlə bağlıdır. Məsələn, Azərbaycanda yayın cırhacırını gözlədiyimiz vaxt qəfil hava dəyişmələri, siklonlar, dolu və qeyri-xarakterik hava hadisələri baş verir. Bunun səbəbi şimal zonamızda ölkənin qərb xətti üzərindən uzanan Böyük Qafqaz dağlarıdır. Avropadan gələn hava dalğaları Qafqaz dağlarına ilişir və çevrilərək yağışa və doluya səbəb olur. Avropada hazırda may ayında temperatur 40 dərəcəyə çatır. Sərin iqlimli Avropa ölkələri də istilərdən əziyyət çəkir”.
Ekspert yekunda bildirib ki, hava proseslərinə spekulyativ yanaşma düzgün deyil: “Bunu elmi əsasda izah etmək lazımdır. Proseslərə falbaxanlıq kimi yanaşmaq yolverilməzdir”.
Nigar Xəlilli
18:54 29.05.2026
Oxunuş sayı: 55