Bakı “20 dəqiqəlik şəhər” modelinə keçir - 10 milyard dollarlıq plan
Bakının nəqliyyat sistemində aparılan dəyişikliklər paytaxtın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Rəqəmsal inkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, hazırda Azərbaycanda avtomobil və taksi ilə həyata keçirilən səyahətlərin payı təxminən 40 % təşkil edir və əsas məqsəd 2030-cu ilin sonuna qədər bu göstəricini 30 %-ə endirməkdir.
Nazir bu hədəfin əvvəlcə iddialı göründüyünü desə də, həyata keçirilən layihələrin nəticələrinin artıq real dəyişikliklər yaratdığını vurğulayıb.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində çıxış edən nazir paytaxtın “20 dəqiqəlik şəhər” modelinə keçidinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün 2030-cu ilə qədər nəqliyyat infrastrukturuna təxminən 10 milyard ABŞ dolları həcmində investisiya yatırılması, həmçinin metro stansiyalarının sayının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Şəhərin istənilən nöqtəsinə təxminən 20 dəqiqəyə çatmaq ideyası artıq dünyanın bir çox böyük şəhərində “15-20 dəqiqəlik şəhər modeli” kimi müzakirə olunur.
Bu məqsədə çatmaq üçün isə təkcə yeni yol çəkmək kifayət etmir. Əsas məsələ şəhərin bütün nəqliyyat sistemini ağıllı və koordinasiyalı şəkildə yenidən qurmaqdır. Bakı kimi sürətlə böyüyən şəhərlərdə gələcəkdə ən ciddi addımlar tunellər, çoxsəviyyəli yol qovşaqları, ağıllı işıqfor sistemləri və ictimai nəqliyyatın sürətləndirilməsi istiqamətində olacaq.
Ən vacib layihələrdən biri “dar boğaz” adlanan nöqtələrin aradan qaldırılmasıdır. Çünki şəhərdə sıxlıq əsasən bütün avtomobillərin eyni nöqtələrdə toplanması səbəbindən yaranır.
Məsələn, körpü girişləri, tunel çıxışları, metro ətrafları və iri dairələrdə hərəkət dayananda domino effekti yaranır və bütün şəhərə yayılır.
Buna görə gələcək planlarda yeni tunellər, yeraltı keçidlər və alternativ bağlantılar əsas prioritet olacaq. Məqsəd odur ki, avtomobil mümkün qədər az dayanaraq hərəkət etsin. Digər böyük dəyişiklik ağıllı nəqliyyat sistemləri ilə bağlı olacaq.
Hazırda bir çox işıqfor sabit vaxtla işləyir, amma gələcəkdə kameralar və sensorlar vasitəsilə sıxlıq anlıq analiz ediləcək. Yəni hansı istiqamətdə maşın çoxdursa, yaşıl işıq avtomatik daha uzun yanacaq. Bu sistem xüsusilə, pik saatlarda ciddi vaxt qazandıra bilər.
Dünyanın inkişaf etmiş şəhərlərində artıq süni intellektlə idarə olunan işıqfor sistemləri tətbiq olunur və Bakı da bu istiqamətə gedir. 20 dəqiqəlik şəhər modelində ictimai nəqliyyat ən əsas elementlərdən biridir. Çünki şəhərdə hər kəs şəxsi avtomobillə hərəkət etdikcə heç bir yol sistemi uzun müddət tab gətirmir.
Buna görə ayrıca avtobus zolaqları, ekspress marşrutlar, metro xətlərinin genişlənməsi və şəhərətrafı elektrik qatarları əsas rol oynayacaq. Əslində məqsəd avtomobili tam azaltmaq deyil, insanı daha sürətli alternativə yönləndirməkdir. İnsan görsə ki, avtobus və ya metro ilə daha tez çatır, özü avtomobildən imtina etməyə başlayır.
Bununla yanaşı, gələcəkdə şəhər daxilində mikromobillik də genişlənəcək. Elektrikli skuter, velosiped yolları və qısa məsafəli nəqliyyat sistemləri xüsusilə mərkəzdə avtomobil yükünü azalda bilər. Çünki bir çox sıxlıq 2-3 kilometrlik qısa məsafələrdə belə avtomobildən istifadə olunması səbəbindən yaranır.
Parklanma siyasəti də dəyişəcək. Dünyanın əksər şəhərlərində mərkəzdə parklanma məhdudlaşdırılır və bahalaşdırılır ki, insanlar şəxsi avtomobillə şəhərin ən sıx hissəsinə daxil olmasın.
Bakı da mərhələli şəkildə buna doğru gedə bilər. Böyük “park et davam et” məntəqələri qurularaq insanlar avtomobili kənarda saxlayıb metro və ya avtobusla davam edə bilər. Gələcəkdə şəhər planlaması da dəyişəcək.
Yeni yaşayış massivləri elə qurulacaq ki, məktəb, market, park, iş yerləri və xidmətlər bir-birinə yaxın olsun. Yəni insanlar hər xırda iş üçün şəhərin bir başından o biri başına getməsin.
Əsl 20 dəqiqəlik şəhər modeli məhz bunun üzərində qurulur. Amma reallıqda bunu tam həyata keçirmək çox çətin və bahalı prosesdir. Çünki şəhərdə avtomobil sayı hər il artır və infrastrukturun inkişafı bəzən bu artımın gerisində qalır.
Buna baxmayaraq, düzgün koordinasiya olunmuş tunellər, ağıllı sistemlər, sürətli ictimai nəqliyyat və alternativ marşrutlarla Bakı kimi şəhərlərdə orta hərəkət vaxtını ciddi şəkildə azaltmaq mümkündür. Yəni məqsəd hər küçəyə 20 dəqiqəyə çatmaqdan çox, şəhərdə fasiləsiz və proqnozlaşdırılan hərəkət yaratmaqdır".
Elmir Heydərli
12:40 22.05.2026
Oxunuş sayı: 219