Təmiz hava sərhədi olmayan yeganə ictimai nemətdir - Cecilia Vaca Jones
Bakıda gəzirdim və deməliyəm ki, şəhərinizdən çox təsirləndim. Mən əslində oteldən sahil istiqamətinə getdim və piyada küçələrdən, yaşıl koridorlardan keçdim. Bu, həqiqətən də çox təsirli idi.
Crossmedia.az xəbər verir ki, bunu “Clean Air Fund”təşkilatının “Breath Cities Initiative” proqramının icraçı direktoru Cecilia Vaca Jones Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, mən, əslində, demək olar ki, heç bir yolu keçməli olmadım:
“Hətta yolların altından keçərək hərəkət etdim - bu bir az mürəkkəb idi, amma buna baxmayaraq, çox maraqlı idi. Şəhərin mərkəzində belə rahat şəkildə hərəkət edə bilmək, yaşıl koridorlardan, təbiətdən zövq almaq və sonda dənizə çatmaq həqiqətən çox xüsusi bir imkandır.
Bu, hər şəhərdə olmayan bir üstünlükdür. Buna görə də, Bakını bu baxımdan təbrik edirik. Mənim bu barədə düşüncələrim səhər Elizabetin dediyi bir fikirlə də bağlı idi. O, Bakının adının “hava”, “küləklər şəhəri” mənasını verdiyini qeyd etdi.
Mən bunu çox simvolik hesab edirəm, çünki Dünya Şəhər Forumu çərçivəsində “hava keyfiyyəti” mövzusunun məhz “küləklər şəhəri”ndə müzakirə olunması çox mənalıdır. Çünki külək, məncə, havanı hiss etməyin ən real və ən birbaşa yoludur. Havanı hiss etməyin küləkdən başqa bir yolunu təsəvvür edə bilmirəm. Bu, mütləq bir məna daşıyır.
Burada iştirak edən gənclər üçün bu, bəlkə də çox vacib bir siqnaldır - onları bu mühüm mövzuda hərəkətə keçməyə təşviq edir. İkinci bir məqam isə odur ki, bu otaqda olan hər kəsin paylaşdığı yeganə bir həqiqət var: biz danışmağı, yeriməyi, yeməyi və ya başqa hər şeyi öyrənməzdən əvvəl etdiyimiz ilk şey nəfəs almaqdır. Bizi bir-birimizdən fərqləndirən heç bir şey yoxdur, çünki həyatın ilk addımı nəfəs almaqdır və bu, hava ilə birbaşa bağlıdır”.
İcraçı direktor əlavə edib ki, havanın nə qədər vacib olduğunu unuduruq:
“Və bəlkə də hava, sərhədləri olmayan yeganə ictimai nemətdir. Bu, hamımızın ortaq şəkildə paylaşdığı yeganə şeydir. Mən körpələr barədə danışırdım və körpələrlə bağlı çox işləmişəm, buna görə də ilk nəfəsin bir körpə üçün həyatın başlanğıcı olması məni çox narahat edir. Körpə ağladıqda bu, onun nəfəs ala bildiyinin göstəricisidir.
Amma çoxlu şəhərlərdə həmin ilk nəfəs artıq çirklənmənin təsiri altında olur. Yəni dünyanın hər yerində bütün körpələr doğulduqları andan etibarən təmiz havadan eyni şəkildə faydalana bilmirlər və bu, düşünülməsi vacib bir məsələdir.
Təmiz hava çox vaxt yalnız ekoloji və ya texniki məsələ kimi müzakirə olunur. Biz tez-tez hava keyfiyyətinin çox spesifik texniki tərəflərindən danışırıq. Amma ailələr və ümumilikdə insanlar üçün bu, gündəlik suallara gəlib çıxır: Mənim uşağım məktəbə təhlükəsiz gedə bilirmi? Və uşağın məktəbə təhlükəsiz getməsindən danışanda, əlbəttə ki, bu yalnız küçədə təhlükəsizlik deyil, eyni zamanda onun nəfəs aldığı havanın keyfiyyətidir. Yaşlı bir insan çölə çıxanda qorxmadan nəfəs ala bilirmi? Bu da tez-tez verdiyimiz suallardan biridir.
Ayhan
12:07 21.05.2026
Oxunuş sayı: 88