Bakıda WUF13-ün ilk günü başa çatıb
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü başa çatıb.
Crossmedia.az xəbər verir ki, WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil edilib.
Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantıda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunub. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçirilib. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansı (GWOPA) yer alıb. Tədbirdə müxtəlif problemlər səsləndirilib, yeni həll yolları müzakirə olunub. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunub.
Günün sonuncu sessiyasında isə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində keçirilən görüşlərin yekun sessiyası təşkil edilib. Sessiyada ilk günün yekunlarına dair bəyanat səsləndirilib.
18:30 17.05.2026
Oxunuş sayı: 47