AMADA-nın təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransın açılışı olub
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə baş tutan "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, idman ictimaiyyətinin nümayəndələri, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra nazir müavini çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "İdmana ölkəmizdə xüsusi qayğı göstərilir. Komanda ruhu və keyfiyyət əsas dəyərlərimizdən biridir. İdmançılarımıza təmiz qələbələr, konfrans iştirakçılarına isə uğurlar arzulayıram".
Ardınca WADA-nın prezidenti Vitold Bankanın video müraciəti göstərilib: "Təəssüflər olsun ki, orada iştirak edə bilmirəm. Bu konfrans olduqca önəmli yığıncaqdır. Burada Paris-2024-də əldə olunmuş əsas nailiyyətlərə toxunacağıq. Konfransın gündəliyi ilə də tanışsınız. Təşkilatçılıq üçün AMADA-ya təşəkkür edirik. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Birlikdə işləməklə hədəflərimizə nail ola bilərik. Hamınıza uğurlar"
Təhminə Tağızadə tədbir iştirakçılarına uğurlar arzulayıb.
O, il ərzində gördükləri işlər barədə məlumat verib: "Olimpiya ilinin uğurla başa çatması münasibətilə hamınızı təbrik edirəm.
Bu tədbir ötən olimpiya ilini təhlil etmək və gələcək idmana baxış üçün platformadır
Bu il bizim üçün uğurlu olub. Qarşıya qoyulmuş məqsədləri müvəffəqiyyətlə icra etmişik. İl ərzində 1000-dən çox test aparılıb, 2000-dən çox iştirakçı ilə biliklərimizi bölüşmüşük. Yekun rəqəmlər ilin sonunda açıqlanacaq. Hamınızı qarşıdan gələn yeni il münasibəti ilə də təbrik edirəm".
Daha sonra beynəlxalq konfransın birinci sessiyası başlayıb. (Report)
06:30 16.12.2024
Oxunuş sayı: 4685