Yağışlı havada taksi qiyməti niyə ikiqat bahalaşır? - Şirkətlərdən açıqlama
Yağışlı havalarda taksi qiymətlərinin kəskin artması sərnişinlərin narazılığına səbəb olur. Eyni məsafəyə adi havada daha ucuz qiymətə getmək mümkün olduğu halda, yağış zamanı gediş haqqının ikiqat, bəzən isə daha yüksək olması qiymətlərin hansı meyarlarla hesablandığı sualını gündəmə gətirir. Tələbatın artması, yollarda tıxacların yaranması və boş avtomobillərin sayının azalması tariflərə təsir göstərsə də, eyni məsafə üçün qiymətin bu qədər fərqlənməsi dinamik tariflərin şəffaflığı və sərnişinlərin hüquqlarının qorunması ilə bağlı müzakirələrə yol açır.
BOLT şirkəti Crossmedia.az-ın sorğusuna cavab olaraq qiymət dəyişiklikləri və sürücülərin sifarişləri ləğv etməsi ilə bağlı məsələlərə aydınlıq gətirib: “Bolt tətbiqi vasitəsilə sifariş olunan səfərlərin qiymətinə eyni zamanda bir neçə amil təsir göstərir. Bunlara tələbatın səviyyəsi, günün saatı, yol şəraiti və tıxaclar, ərazidə mövcud sürücülərin sayı, marşrutun müddəti və digər əməliyyat göstəriciləri daxildir. Yüksək tələbat olan saatlarda və tıxaclı ərazilərdə qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Bu, platformada tələb və təklif arasında balansın qorunmasına və kifayət qədər sürücünün sifarişləri qəbul etməsinə kömək edir. Sürücü sifarişi qəbul etdikdən sonra gedişi platforma qaydalarına uyğun şəkildə yerinə yetirməlidir. Sərnişindən sifarişi ləğv etməsini tələb etmək qəbuledilməzdir. Belə hallarla qarşılaşdıqda sərnişinlərin tətbiq üzərindən dəstək xidmətinə müraciət etməsini tövsiyə edirik. Daxil olan müraciətlər araşdırılır və qayda pozuntusu təsdiqləndiyi halda müvafiq tədbirlər görülür”.
Sorğumuza cavab olaraq Yango taksi şirkəti isə açıqlamasında qeyd edib ki, səfərin qiyməti avtomatlaşdırılmış alqoritm vasitəsilə, şəhərdəki cari vəziyyət nəzərə alınmaqla formalaşdırılır: “Səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, şəhərdəki real vəziyyətə uyğun formalaşır. Yekun məbləğ həmin anda xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılıdır. Müəyyən ərazidə tələbat boş avtomobillərin sayını əhəmiyyətli dərəcədə üstələdikdə, alqoritm sürücüləri həmin istiqamətə cəlb etmək və sərnişinlərə avtomobil təmin etmək məqsədilə qiymətləri tənzimləyir. Tələbat azaldıqda və balans bərpa olunduqda isə qiymətlər yenidən adi səviyyəyə qayıdır”.
Hüquqşünas Vüsalə Əhmədova açıqlamasında taksi tariflərinin necə müəyyənləşdirildiyini və qiymət artımının hüquqi tərəflərini izah edib.

Onun sözlərinə görə, taksi xidmətlərinin qiymətləri tələb və təklif əsasında fərdi sahibkarlar tərəfindən müstəqil müəyyən edilir: “Pis hava şəraiti zamanı təbii olaraq sifarişlərin sayı və tələbat artır. Yollarda tıxacların yaranması, boş avtomobillərin sayının azalması kimi səbəblərdən isə təklif aşağı düşür. Tələb və təklif arasındakı balansın pozulması dinamik tariflərin yüksəlməsinə səbəb olur”.
Hüquqşünas bildirib ki, taksi tariflərinin dövlət tərəfindən sabitləşdirilməsi qiymət dəyişikliklərinin qarşısını ala bilsə də, bu yanaşmanın iqtisadi və praktiki çətinlikləri var: “Taksi tarifləri dövlət tərəfindən ümumi qaydada sabitləşdirilsə, bu cür qiymət artımları baş verməyə bilər. Lakin tariflərin dövlət tərəfindən sərt şəkildə tənzimlənməsinin həm iqtisadi, həm də praktiki baxımdan bir sıra çatışmazlıqları mövcuddur”.
Vüsalə Əhmədovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyində yağışlı havalarda taksi qiymətlərinin iki və ya üç dəfə artırılmasını birbaşa nəzərdə tutan ayrıca tarif qaydası yoxdur: “Ümumilikdə, taksi xidmətlərinin tarifləri bazarda tələb və təklifə uyğun müəyyənləşdirilir. Bununla belə, sürücü tətbiqdə razılaşdırılmış qiymətdən artıq məbləğ tələb edərsə və ya yekun ödəniş sifariş şərtlərinə uyğun gəlməzsə, sərnişin şirkətdən izahat tələb edə və məsələnin araşdırılması üçün müraciət edə bilər”.
Nigar Xəlilli
11:45 24.10.2026
Oxunuş sayı: 261