Kilidlənən Bakı - tıxacların qarşısını necə almaq olar?
Paytaxtın bir sıra əsas magistral və mərkəzi küçələrində müşahidə olunan nəqliyyat sıxlığı yenidən şəhərin yol infrastrukturu və hərəkətin təşkili məsələsini gündəmə gətirib.
Xüsusilə, səhər və axşam saatlarında Bakı-Sumqayıt şosesi, Tbilisi prospekti, Ziya Bünyadov prospekti, eləcə də şəhər mərkəzinə aparan əsas yollar üzrə avtomobil sıxlığının artması sürücülərin gündəlik hərəkətində ciddi çətinliklər yaradır.
Mütəxəssislər hesab edirlər ki, paytaxtda avtomobillərin sayının sürətlə artması, ictimai nəqliyyatdan istifadənin yetərincə effektiv olmaması, bəzi yollarda aparılan təmir işləri və nəqliyyat axınının əsasən mərkəzə yönəlməsi tıxacların əsas səbəblərindəndir.
Eyni zamanda, alternativ yolların məhdudluğu və pik saatlarda yükün eyni magistrallar üzərinə düşməsi sıxlığı daha da artırır.
Bəs Bakıda müşahidə olunan bu nəqliyyat sıxlığının əsas səbəbləri nələrdir, problemin aradan qaldırılması üçün hansı alternativ yollar və yeni nəqliyyat həlləri tətbiq oluna bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

“Bakıda demək olar ki, hər səhər və axşam eyni nöqtələrdə sıxlığın yaranması artıq təsadüfi yox, sistemli problemin göstəricisidir.
Xüsusilə, “20 Yanvar” ətrafı, Tbilisi prospekti, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti və şəhər mərkəzinə daxil olan yolların yüklənməsi göstərir ki, Bakıdakı nəqliyyat sistemi uzun illər əsasən avtomobil axınına uyğun qurulub, amma bu gün artıq həmin infrastruktur mövcud maşın sayını daşımaqda çətinlik çəkir.
Əsas səbəblərdən biri odur ki, şəhərdə iş yerlərinin böyük hissəsi mərkəzdə cəmlənib. Nəticədə səhər saatlarında minlərlə insan eyni istiqamətdə — mərkəzə doğru hərəkət edir, axşam isə əks istiqamətdə geri qayıdır. Bu isə bütün yükü müəyyən magistral yolların üzərinə salır.
Digər ciddi səbəb ictimai nəqliyyatın hələ də bir çox insan üçün tam rahat alternativ olmamasıdır. İnsan avtobusun gecikəcəyini, sıx olacağını və ya marşrutun uyğun olmayacağını düşündüyü üçün şəxsi avtomobilə üstünlük verir. Nəticədə bir nəfərlə hərəkət edən minlərlə maşın şəhərin yol tutumunu doldurur.
Xüsusilə, Bakı-Sumqayıt istiqamətində problem daha qabarıq hiss olunur, çünki həmin ərazilərdə yaşayan insanların əksəriyyəti iş üçün hər gün Bakıya daxil olur.
Bundan əlavə, bəzi yollarda yarımçıq avtobus zolaqları, düzgün işləməyən svetofor sinxronizasiyası, plansız yol adacıqları və tez-tez edilən lokal təmir işləri də axını zəiflədir.
Məsələn, bir yolda avtobus zolağı başlayıb 400-500 metr sonra bitirsə, bu həm avtobusun sürət üstünlüyünü aradan qaldırır, həm də digər zolaqlarda əlavə sıxlıq yaradır.
Digər problem parklanmadır. Mərkəzə daxil olan küçələrdə ikinci sıra saxlanılan avtomobillər yolun real tutumunu azaldır və xüsusilə, Üzeyir Hacıbəyli, Rəşid Behbudov və Yusif Səfərov kimi küçələrdə hərəkəti ciddi zəiflədir.
Ağır yük maşınlarının və bəzi hallarda taksilərin də pik saatlarda intensiv istifadəsi axını daha da çətinləşdirir. Alternativ həllərə gəlincə isə, ilk növbədə şəhərin giriş nöqtələrində “Park et və davam et” sistemləri qurulmalıdır. İnsan maşını şəhər kənarında saxlayıb metro və ya sürətli avtobus xətti ilə mərkəzə keçə bilməlidir.
Bakı-Sumqayıt istiqamətində ayrıca sürətli avtobus dəhlizi və ya şəhərətrafı elektrik qatarlarının intervalının azaldılması ciddi rahatlıq yarada bilər”.
Ekspert əlavə edib ki, Tbilisi prospekti və “20 Yanvar” istiqamətində paralel küçələrin daha aktiv istifadəsi üçün ağıllı naviqasiya və svetofor idarəetməsi tətbiq olunmalıdır:
“Məsələn, bəzi küçələr səhər saatlarında yalnız mərkəz istiqamətində, axşam isə əks istiqamətdə daha çox ötürücülük qabiliyyəti ilə işləyə bilər. 8 Noyabr prospekti və Aeroport şosesində isə əsas problem yüksək sürətli yolun şəhər daxilində çoxlu giriş-çıxışlarla bölünməsidir.
Burada bəzi birləşmələrin yenidən layihələndirilməsi və əlavə keçidlərin açılması vacibdir. Həmçinin, metro şəbəkəsinin genişlənməsi, avtobusların intervallarının real vaxtda idarə olunması və xüsusi ayrılmış fasiləsiz avtobus zolaqları şəxsi avtomobildən asılılığı azalda bilər.
Əslində Bakıdakı sıxlığın əsas problemi təkcə yol azlığı deyil — eyni anda hamının eyni istiqamətə, eyni nəqliyyat vasitəsi ilə getməyə çalışmasıdır. Dünyanın bir çox böyük şəhərində də yol genişləndikcə bir müddət sonra maşın sayı yenə artır və sıxlıq geri qayıdır.
Ona görə uzunmüddətli həll daha çox asfalt çəkmək yox, insanları rahat və sürətli ictimai nəqliyyata yönləndirməkdən keçir”.
Ayhan
12:15 15.05.2026
Oxunuş sayı: 43