Berlində qələbə bayrağını qaldıran azərbaycanlı zabit
416-cı atıcı diviziyasının döyüş yolu və Berlinin simvolu sayılan Brandenburq qapıları üzərində qələbə bayrağının ucaldılması ilə bağlı arxiv materialları uzun illər mübahisə doğuran məsələlərə aydınlıq gətirir.
1945-ci il mayın 2-də Brandenburq qapıları üzərində qələbə bayrağını ucaldan zabitin leytenant Ələkbər Məcidov olduğu sənədlərlə təsdiqlənir. Söhbət Reyxstaqdan deyil, məhz Berlinin əsas rəmzlərindən biri olan Brandenburq qapıları üzərində qaldırılan bayraqdan gedir.
416-cı atıcı diviziyası milli Azərbaycan diviziyası kimi formalaşdırılmış və müharibənin sonunadək bu statusunu qoruyub saxlamışdı. Diviziya döyüşlərə qoşulduğu zaman şəxsi heyətin 11 mindən çoxunu azərbaycanlılar, təxminən min nəfərini isə digər millətlərin nümayəndələri təşkil edirdi. Döyüşlər zamanı verilən itkilər əsasən Azərbaycandan göndərilən yeni çağırışçılar hesabına tamamlanırdı.
Belə ki, Mozdok azad edildikdən sonra diviziyaya 1500 nəfər azərbaycanlı döyüşçü göndərilmişdi. Melitopolun azad edilməsindən və diviziyanın buna görə Qırmızı Bayraq ordeni ilə təltif olunmasından sonra isə daha 2500 nəfərlik yeni heyət Azərbaycandan gətirilmişdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan sənədlər arasında Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun 17 iyul 1943-cü ildə Qırmızı Ordunun Formalaşdırılması Baş İdarəsinin rəisi general Yefim Şçadenkoya ünvanladığı məktub da yer alır. Məktubda 77-ci və 416-cı atıcı diviziyalarının milli tərkibinin qorunmasına görə təşəkkür ifadə olunurdu:
“Azərbaycanlı 77-ci və 416-cı atıcı diviziyalarının döyüş qabiliyyətinin dəstəklənməsi və milli tərkibinin qorunması ilə bağlı təkliflərimizə göstərdiyiniz diqqətə görə minnətdarlığımızı qəbul edin...”
1373-cü atıcı alayın avtomatçılar taqımının komandiri leytenant Ələkbər Məcidov 416-cı diviziyanın Unter den Linden prospekti boyunca irəliləyən hücum qruplarından birinə rəhbərlik edib.
Arxiv sənədlərində göstərilir ki, Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev soyadlı döyüşçülər leytenant Ələkbər Məcidovun rəhbərliyi altında Brandenburq qapıları üzərində qələbə bayrağını ucaldıblar.
Başqa sözlə, Berlinin əsas simvollarından biri üzərində Qırmızı bayrağı məhz azərbaycanlı zabitin komandanlığı altında döyüşən Azərbaycan diviziyasının əsgərləri qaldırıblar.
Təsadüfi deyil ki, Brandenburq qapıları yaxınlığında keçirilən mitinqdə general Vladimir Zyuvanov belə demişdi:
“Berlin uğrunda tarixi döyüşdə son atəş məhz burada — Brandenburq qapıları önündə açıldı və bu atəşi Azərbaycan xalqının oğulları etdi. Faşist Almaniyasının paytaxtına hücum edən qəhrəmanların xatirəsi əsrlər boyu yaşayacaq.”
11:00 15.05.2026
Oxunuş sayı: 56