Livan-İsrail gərginliyi yenidən pik həddə çatıb - Vaşinqton danışıqları nə vəd edir?
Yaxın Şərqdə gərginliyin yenidən pik həddə çatdığı bir vaxtda Livan və İsrail arasında Vaşinqtonda keçiriləcək növbəti danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
İsrailin Livana endirdiyi son hava zərbələri nəticəsində onlarla insanın həyatını itirməsi bölgədə vəziyyəti daha da ağırlaşdırıb və tərəflər arasında davamlı atəşkəsin əldə olunmasının vacibliyini ön plana çıxarıb.
Buna baxmayaraq, Beyrut administrasiyası diplomatik kanalları açıq saxlamaqda qərarlıdır. Livan tərəfi ABŞ paytaxtında baş tutacaq görüşlərdə real və əməl olunacaq atəşkəs razılaşmasına nail olmağa çalışır.
“Hizbullah”ın sərt etirazları fonunda belə danışıqların davam etdirilməsi isə regionda siyasi və təhlükəsizlik balansının nə qədər həssas olduğunu bir daha göstərir.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Livan məsələsində bu, qeyri-ciddi dövlət modelidir. Ümumiyyətlə, Livan Osmanlı imperiyasının dağılmasından sonra yaranmış süni ərəb dövlətlərindən biri kimi qiymətləndirilir. Dövlət qurulduğu gündən bu yana ölkə heç vaxt tam şəkildə öz müqəddəratını müəyyən edə bilməyib və bu gün də eyni vəziyyət davam edir.
Beyrutda yerləşən rəsmi hakimiyyət faktiki olaraq ölkənin bütün ərazisinə nəzarət edə bilmir. Tarix boyu vətəndaş müharibələri, konfessional bölgülər və xarici təsirlər Livanı zəif və parçalanmış vəziyyətə salıb.
Ölkədə siyasi sistem dini kvotalar üzərində qurulub. Bir vəzifə sünnilərə, biri şiələrə, digəri xristianlara verilib. Nəticədə isə ortaq milli dövlət anlayışı formalaşmayıb.
Bu gün Livanda rəsmi hökumətin qərarları nə Hizbullah tərəfindən, nə də İsrail tərəfindən ciddi qəbul olunur. İsrail illərdir Livan ərazisində hərbi əməliyyatlar həyata keçirir, Beyrutu bombalayır, cənub bölgələrinə daxil olur və sonra geri çəkilir. Livan hakimiyyəti isə bu proseslərə real təsir göstərə bilmir.
Əslində, Livanda “dövlət içində dövlət” modeli yaranıb. Hizbullah faktiki olaraq ölkənin müəyyən hissələrində müstəqil güc mərkəzi kimi fəaliyyət göstərir və Beyrut hakimiyyətinin mövqeyini nəzərə almır. Belə şəraitdə rəsmi hökumətin hansısa bəyanat verməsi və ya etiraz etməsi praktik nəticə doğurmur.
Bu vəziyyət təkcə Livanın problemi deyil. Osmanlı imperiyasının dağılmasından sonra Yaxın Şərq və ümumilikdə müsəlman coğrafiyasında çoxsaylı zəif və xarici təsirlərə açıq dövlətlər formalaşdırıldı.
Böyük imperiyaların parçalanmasından sonra regionda sərhədlər xarici güclərin maraqlarına uyğun şəkildə müəyyən edildi və nəticədə daxili sabitliyi zəif olan dövlətlər ortaya çıxdı.
Bu səbəbdən də müsəlman dünyası uzun illərdir geosiyasi təsirlərə açıq, daxili qarşıdurmalar yaşayan və xarici müdaxilələrə məruz qalan bir məkan olaraq qalır. Livan isə bunun ən açıq nümunələrindən biri hesab olunur".
Elmir Heydərli
17:38 14.05.2026
Oxunuş sayı: 57