Qarabağda elmi mühit formalaşır - Yeni İnstitutlardan böyük gözləntilər
Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, həmçinin Tətbiqi Elmlər İnstitutunun yaradılması ölkədə elmi potensialın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Xüsusilə, Qarabağda elmi mühitin formalaşdırılması, yeni tədqiqat imkanlarının yaradılması və xaricdə təhsil almış mütəxəssislərin bölgəyə cəlb olunması baxımından bu institutların əhəmiyyəti böyükdür.
Bu cür institutlar həm alimlərin elmi araşdırmalarını genişləndirə, həm də elm və təhsilin praktiki sahələrlə inteqrasiyasına töhfə verə bilər.
Eyni zamanda, tətbiqi elmlər, innovasiya və texnologiya istiqamətində aparılan tədqiqatlar ölkənin gələcək inkişafı üçün də strateji əhəmiyyət daşıyır.
Bəs görəsən, yeni yaradılan bu institutlar Azərbaycan elm və təhsilinə hansı real töhfələri verə bilər və gələcəkdə daha hansı istiqamətlər üzrə yeni institutların açılmasına ehtiyac var?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:

“Fikrimcə Baş nazirin imzaladığı qərar əsasında Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu nəzdində Tətbiqi Elmlər İnstitutunun yaradılması olduqca vacib və zəruri addımdır.
Ümumiyyətlə, yeni institutların yaradılması o deməkdir ki, alimlərimizin elmi tədqiqatlarını aparmaları üçün əlavə imkanlar formalaşdırılır. Qeyd olunub ki, Qarabağ Universitetində xaricdə təhsil alıb ölkəyə qayıtmış kifayət qədər müəllim-professor heyəti fəaliyyət göstərir. Bu baxımdan, həmin mütəxəssislərin elmi fəaliyyətlərini fasiləsiz davam etdirmələri üçün bölgədə institutların formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, həmin ərazilərdə elmi mühitin yaranması və inkişaf etdirilməsi vacibdir ki, alimlər öz tədqiqatlarını davamlı şəkildə apara bilsinlər”.
Ekspert əlavə edib ki, tətbiqi elmlərlə bağlı ölkəmizdə müxtəlif dövlət proqramları da mövcuddur:
“Riyaziyyat, təfəkkür, texnologiya və digər istiqamətlər üzrə tədris və tədqiqat imkanları genişləndirilir. Buna görə də düşünürəm ki, bu institutun yaradılması alimlərimizin tətbiqi elmlər sahəsində elmi araşdırmalar aparmaları üçün çox mühüm imkan yaradacaq.
Eyni zamanda, institutun yaradılması həmin alimlərin sosial vəziyyətinə də müsbət təsir göstərə bilər. Məsələn, əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və ümumilikdə həyat səviyyələrinin yüksəldilməsi baxımından bunu müsbət addım kimi qiymətləndirmək olar.
Digər institutların yaradılmasına gəldikdə isə düşünürəm ki, informasiya texnologiyaları və süni intellekt istiqamətində ayrıca tədqiqat institutlarının yaradılmasına ciddi ehtiyac var. Bu istiqamətdə fəaliyyət yalnız mövcud institutların daxilində deyil, ayrıca profil üzrə təşkil olunmalıdır.
Çünki gələcək baxımından süni intellekt sahəsi strateji əhəmiyyət daşıyır və bu istiqamətdə formalaşacaq institutlar ölkənin elmi potensialına böyük töhfə verə bilər.
Son dövrlərdə süni intellekt sahəsində baş verən sürətli inkişaf göstərir ki, alimlərimiz bu istiqamətdə tədqiqatlar aparmaqla həm cəmiyyətə, həm də dövlətə fayda verə bilərlər.
Eyni zamanda, gələcəkdə ölkəmizdə yaradılan texnologiya və məhsulların xarici bazarlara çıxarılması da mümkün ola bilər. Bu gün dünyada bir çox platformalar və texnoloji sistemlər süni intellekt əsaslı fəaliyyət göstərir.
Müxtəlif ölkələr artıq bu sahədə xüsusi tədqiqat mərkəzləri və institutlar yaradır. Düşünürəm ki, biz də universitet və institutlarımızı bu istiqamətdə inkişaf etdirməklə gələcəkdə ölkə olaraq öz mövqeyimizi və yanaşmamızı ortaya qoya bilərik”.
Ayhan
17:23 14.05.2026
Oxunuş sayı: 53