İstifadəçilər narazıdır: Samsung Galaxy S26 Ultra kabroya baxmayaraq zədə aldı
Samsung şirkətinin yeni flaqman modeli olan Samsung Galaxy S26 Ultra ilə bağlı istifadəçilərdən narazılıqlar artmaqdadır.
Crossmedia.az xəbər verir ki, bu barədə DonanımHaber portalı məlumat yayıb.
Bildirilir ki, cihaz qoruyucu kabroda olmasına baxmayaraq yerə düşdükdən sonra ciddi zədə alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə telefonun xüsusilə S Pen hissəsinə yaxın çərçivəsində nəzərəçarpacaq deformasiya yarandığı görünür. İstifadəçi kabronun taxılı olmasına baxmayaraq korpusun zərbə nəticəsində zədələndiyini bildirib.
Paylaşımın altında rəy yazan digər istifadəçilər də oxşar hallarla qarşılaşdıqlarını qeyd ediblər. Bəziləri telefon yerə düşdükdən sonra boyanın soyulduğunu, çərçivənin isə asanlıqla zədələndiyini iddia edir. Məlumata görə, analoji problem yalnız Galaxy S26 Ultra modelində deyil, Apple şirkətinin iPhone 17 Pro seriyasında da müşahidə olunur.
İddialara əsasən, problemin əsas səbəbi titan çərçivədən imtina edilərək alüminium materiala keçid olunmasıdır. Bir çox istifadəçi titan korpusun zərbələrə qarşı daha dayanıqlı olduğunu düşünür.
Xatırladaq ki, Samsung daha əvvəl Samsung Galaxy S24 Ultra və Samsung Galaxy S25 Ultra modellərində titan çərçivədən istifadə etmişdi. Lakin şirkət Galaxy S26 Ultra modelində yenidən alüminium korpusa qayıdıb.
Mütəxəssislərin fikrincə, alüminium korpus daha yaxşı istilik paylanması və istehsal baxımından müəyyən üstünlüklər təqdim etsə də, titan qədər möhkəm hesab olunmur.
Hazırda Samsung məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
22:55 10.05.2026
Oxunuş sayı: 62