Həyat nərdivanının yıxıldığımız pillələri
Bu günlərdə bir tələbəmizlə söhbət edirdim. Başqa fənn müəllimlərinin birindən aldığı qiymətdən narahat olmuşdu. Dediyinə görə, haqsız yerə aşağı qiymətə layiq görülmüşdü.
Savadına, bacarığına bələd olduğum tələbə idi. Bir az danışdıq. Tövsiyə verməyə çalışdım.
Sonra yadıma sosial psixologiyadakı "rol gözləntisi" anlayışı düşdü. Bu, təxminən o deməkdir ki, ətrafındakılar, cəmiyyət səndən hansı rolu gözləyirsə, onu oynamalı olursan- bəzən tənbəl, bəzən savadlı, bəzən də açıq fikirli olursan. Belə olan halda daim yaxşı mənada fərqlənən tələbənin ilk uğursuzluqlarının birindən sarsılması, yəqin ki, başa düşüləndir.
Məsələ əslində daha ciddidir. Bəzən çox uğurlu, həyatı, necə deyərlər, yağ kimi davam edən insanlar tanıyırıq. Hər şeyi yerində olur: işi, şəxsi həyatı, karyerası...Amma qəfildən böhranlı vəziyyətə düşür və özünü itirir. Bir çox milyarderin, iş adamının iflasa uğrayandan sonra ömrünün sonuna qədər özünə gələ bilməməsi, bəzən hətta intihar etməsi də bununla bağlıdır.
Çox sevdiyim bir aforizm var. Deyir ki, kimsə uğur pilləkənlərini əlləri cibində qalxmır. Əziyyət çəkirik, bəzən məhdudiyyətlərə dözür, səbr edirik. Sonra günün birində qalxdığımız yerdən yıxılırıq. Halbuki bizdən xeyli aşağıda olan adam yıxılanda heç vecinə də olmur. Yəni "daha yuxarıdan yıxılan daha çox əzilir" prinsipi.
Əminəm ki, həmin tələbənin ən yaxşı halda 7 balla gününü yola verən yoldaşı oxşar situasiya ilə qarşılaşsa idi əsla qayğılanmazdı. Çünki biri oxuyanda, əziyyət çəkəndə, digəri əylənir. Və yaxud birində olan xarakter, iddia, digərində yoxdur.
Görünür, çox qazanan insanın uğursuzluğu daha ağrılı olur. Nə etməli? Onda çalışmayaq? İddia və məqsədlərimizdən əl çəkək? Məncə, çıxış yolu bu deyil. Hansı pillədən aşağı yuvarlanırıqsa, ondan ikiqat yuxarı qalxmaq üçün dartınmalıyıq. Həyatın sınaqlarından ancaq belə çıxmaq olar.
Kənan Novruzov
14:23 10.05.2026
Oxunuş sayı: 65