XRİTDX-də Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra tədbirlər təşkil olunmuşdur.
Crossmedia.az xəbər verir ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət etmiş, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmişlər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur.
Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmişdir. Ziyarət zamanı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədlər, fotoşəkillər və eksponatlarla tanış olunmuş, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçirilmişdir.
Bununla yanaşı, şəxsi heyətin ümummilli lider Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik irsi barədə daha ətraflı məlumatlandırılması məqsədilə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Qərb Universitetinin fəxri professoru Cəbi Bəhramov ilə görüş keçirilmişdir. Görüş zamanı Cəbi Bəhramov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət barədə danışmış, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat vermişdir.
Eləcə də Xidmətin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Ulu Öndərin müasir Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən, milli təhlükəsizlik və dövlət idarəçiliyi sahəsində müəyyənləşdirdiyi strateji kursdan bəhs etmişdir.
Tədbirdə iştirak edən digər çıxışçılar da Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq, onun siyasi irsinin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulamışlar.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
11:31 10.05.2026
Oxunuş sayı: 58