Bakuba, Badku, Badkuba – paytaxt şəhəri
Altıncı hissə: Bakuba, Badku, Badkuba – paytaxt şəhəri
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Saytımız həmin araşdırmanı 7 hissə şəklində təqdim edirik.
Hazırda Bakının adının mənşəyi ilə bağlı ən çox yayılan fikir onun “Badkubə” sözündən yaranması və “küləklər şəhəri” mənası verməsidir. Ancaq tədqiqatçı Sara Aşurbəyli qeyd edir ki, bu ad sonradan yaranıb və ilkin adı əks etdirmir. Üstəlik, fars dilində “Badkubə” “şəhər” mənası vermir, “küləklər şəhəri” kimi düzgün forma “Şəhrebad” olardı. Buna görə də bu izah düzgün sayılmır.
Tarixi mənbələrdə XIV əsrdən XVIII əsrin sonuna qədər Bakının “Bakuba”, “Badku”, “Badkuba” kimi adlarla da işlədildiyi görünür. Bu adlar sikkələrdə, rəsmi sənədlərdə və müxtəlif dövlətlərin yazışmalarında qeyd olunub. Məsələn, Teymurilər dövründə “Badku dairəsi”, Osmanlı sənədlərində “sancaq Badku”, digər mənbələrdə isə “Badkuba” kimi göstərilib. Hətta XVIII əsrdə Bakı xanlarının kəsdirdiyi sikkələrdə də bu adlar istifadə olunub.
Bu faktlar göstərir ki, “Badku”, “Bakuba”, “Badkuba” adları uzun müddət rəsmi şəkildə işlədilib. Amma “Bakı” adı daha qədimdir və ən azı şəhər olaraq X əsrdən mövcuddur. Yəni “Badkuba” “Bakı”dan yaranmayıb, əksinə, sonradan paralel şəkildə ortaya çıxıb. Bu dövrdə Azərbaycanda türk mənşəli dövlətlər hakim idi və Azərbaycan dili ədəbiyyatda, dövlət işlərində geniş istifadə olunurdu. Həsənoğlu, Nəsimi, Füzuli kimi şairlər, Şah İsmayıl Xətai kimi hökmdarlar Azərbaycan dilində yazıb-yaradırdı. Buna görə şəhərə yeni fars adı verilməsi ehtimalı mümkün deyil. Dil baxımından da bu adların türk mənşəli olduğu düşünülür. “Bad” və “kub” komponentləri Altay-türk dillərində “taxt” və “ocaq” mənaları verir. Buna görə: “Badku” — taxt yeri və “Badkuba” — taxt ocağı kimi izah olunur.
Bu adların yaranması Bakının tarixi inkişafı ilə bağlıdır. XII əsrdən başlayaraq şəhər möhkəmləndirilir, qala divarları tikilir. 1191-ci ildə Şirvanşah I Axsitan paytaxtı Şamaxıdan Bakıya köçürür. XIV əsrdə isə Bakı artıq tam formalaşmış paytaxt olur. Şəhərdə saraylar, karvansaralar tikilir, liman kimi əhəmiyyəti artır. Hətta bəzi Avropa səyyahları Xəzər dənizini “Bakı dənizi” adlandırırdı.Bu səbəbdən şəhərin yeni statusuna uyğun adların yaranması təbii idi. Çünki “Bakı” adı qədimdə daha çox dini-sakral məna daşıyırdı, sonralar isə bu məna zəifləyib sadəcə toponimə çevrilmişdi. Yeni adlar isə şəhərin siyasi mərkəz — yəni “taxt şəhəri” olmasını ifadə edirdi.
Nəticədə “Bakuba”, “Badku”, “Badkuba” adları Bakının paytaxt və hakimiyyət mərkəzi olduğunu göstərən adlar kimi formalaşmışdır. XIX əsrdə Bakı xanlığı ləğv edildikdən və şəhər bu statusu itirdikdən sonra bu adlar da istifadədən çıxmış, yenidən “Bakı” adı üstünlük qazanmışdır.
Professor,
Həsən Həsənov
11:00 09.05.2026
Oxunuş sayı: 328