9 May ətrafında fikir ayrılığı - tarixi zəfər, yoxsa sovet mirası?
9 May – Faşizm üzərində Qələbə Günü Azərbaycanda illərdir müxtəlif yanaşmaların və müzakirələrin mərkəzində olan tarixi günlərdən biridir.
Cəmiyyətin bir hissəsi bu tarixi alman faşizmi üzərində qazanılmış böyük qələbə, milyonlarla insanın həyatına son qoyan ideologiyanın məğlubiyyəti və Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığın simvolu kimi qiymətləndirir.
Digər tərəfdən isə xüsusilə, milli düşüncəyə sahib çevrələr bu tarixə daha fərqli prizmadan yanaşaraq, SSRİ-nin tərkibində əldə olunan qələbənin Azərbaycan üçün tam mənada milli zəfər hesab edilə bilməyəcəyini vurğulayırlar.
Mübahisələrin əsas məqamı da məhz burada başlayır: 9 May yalnız faşizm üzərində qələbədirmi, yoxsa eyni zamanda sovet imperiyasının güclənməsini simvolizə edən bir tarixdir?
Bir tərəf bunu insanlığın xilas günü kimi dəyərləndirirsə, digər tərəf həmin dövrdə SSRİ-nin həyata keçirdiyi repressiyaları, sürgün siyasətini və Azərbaycan xalqının milli iradəsinin məhdudlaşdırılmasını ön plana çəkir.
Crossmedia.az mövzu ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı Azər Allahverənov:

“Faşizm üzərində Qələbə Gününün qeyd olunması təkcə Azərbaycanda deyil, ümumilikdə postsovet məkanında birmənalı qarşılanmır. Bu günün qeyd edilməsinin əleyhinə çıxan, ona fərqli siyasi və tarixi prizmadan yanaşan qruplar da mövcuddur.
Bununla yanaşı, 9 Mayın məhz faşizm üzərində qələbə kimi dəyərləndirilməsinin tərəfdarı olan insanların sayı da kifayət qədər çoxdur. Hətta ənənəvi olaraq keçmiş sosialist düşərgəsinə aid edilən bir sıra Avropa dövlətlərində belə, bu tarix daha çox alman faşizmi üzərində qələbənin və dünyanın böyük bir bəladan xilas olmasının simvolu kimi qeyd edilir.
Çünki 9 May faktiki olaraq Böyük Vətən müharibəsinin başa çatmasını ifadə etsə də, bütövlükdə İkinci Dünya müharibəsinin ən mühüm mərhələsinin yekunlaşmasını göstərən tarixi hadisədir.
Məsələyə qlobal kontekstdən yanaşdıqda, xüsusilə də həmin dövrün siyasi reallıqları çərçivəsində baxdıqda, burada bir növ xeyirlə şərin mübarizəsini görürük. Bir dövlətin faşist ideologiyası ilə silahlanaraq digər xalqlara qarşı işğalçılıq siyasəti yürütməsi, ölkələri işğal etməsi, onların təbii sərvətlərini talaması, insanları kütləvi qırğınlara və zorakılıqlara məruz qoyması həmin dövrün əsas faciələrindən biri idi.
Bunu 1939-cu il sentyabrın 1-də Polşaya hücumun başlanması, Fransanın işğalı, Avropanın bir sıra dövlətlərinin, o cümlədən Çexoslovakiyanın parçalanması fonunda açıq şəkildə görmək mümkündür.
Xüsusilə, 1938-ci ildə Münhen sazişindən sonra baş verən proseslər göstərirdi ki, Avropa artıq böyük bir qarşıdurmaya sürüklənir. Bütün bunlar müxtəlif ideologiyaların toqquşmasının nəticəsi idi”.
Deputat əlavə edib ki, əgər məsələyə XX əsrin iki böyük faciəsi – Birinci və İkinci Dünya müharibələri kontekstində yanaşsaq, görərik ki, 9 May yalnız bir dövlətin qələbəsi deyil, işğalçı siyasəti əsas fəlsəfəsinə çevirən faşizm ideologiyası üzərində əldə edilmiş qələbə kimi də qiymətləndirilə bilər:
“Çünki faşizm ideologiyası XX əsrdə milyonlarla insanın həyatına son qoymuş, bir çox xalqlara ağır faciələr yaşatmışdı. Məhz bu ideologiyaya qarşı mübarizə şüarı altında Azərbaycanın oğul və qızları da könüllü şəkildə müharibəyə yollandılar.
Təxminən 640-650 min azərbaycanlı cəbhəyə getdi və onların yarıdan çoxu geri qayıtmadı. Bu insanların canlarını fəda etmələrinin əsas səbəbi məhz faşizm üzərində qələbə qazanmaq, öz doğmalarını və gələcəyi qorumaq arzusu idi.
Bu məsələyə həmin kontekstdən yanaşdıqda, bir məqamı da unutmaq olmaz ki, bu gün Azərbaycanda elə bir ailə tapmaq çətindir ki, onun yaxınlarından biri müharibədə iştirak etməmiş olsun.
Azərbaycan xalqı bu qələbəyə yalnız döyüş meydanında deyil, həm də arxa cəbhədə böyük zəhmət və fədakarlıq göstərməklə nail olmuşdu. Bu gün artıq dünya da yaxşı bilir ki, Azərbaycanın İkinci Dünya müharibəsində rolu nə qədər böyük olub. İstər aviasiya yanacağının təmin olunması, istərsə də Azərbaycanda istehsal edilən sənaye məhsulları ümumi qələbəyə mühüm töhfə verirdi.
O dövrdə yalnız ön cəbhə yox idi, arxa cəbhə də böyük bir savaş aparırdı. Hamı bir saat mexanizmi kimi ümumi qələbə naminə çalışırdı. Zaman-zaman Azərbaycanda bu məsələlərlə bağlı fərqli fikirlər səsləndirilir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan sonrakı dövrlərdə də işğalçılığa qarşı mübarizə aparmış bir dövlətdir.
Ermənistanın işğalçılıq siyasətinə qarşı xalqımız eyni qətiyyəti nümayiş etdirdi, torpaqlarını azad etdi və dünyaya göstərdi ki, Azərbaycan hər zaman sülhün və ədalətin tərəfindədir”.
A.Allahverənov qeyd edib ki, əslində, 9 May uğrunda döyüşən insanlar da müharibə naminə savaşmırdılar:
“Onların məqsədi sülhün və əmin-amanlığın bərqərar olması idi. Əks tərəfdə duran qüvvələr isə hansı millətə və ya dövlətə məxsus olmalarından asılı olmayaraq işğal etmək, dağıtmaq, məhv etmək və özgəsinin haqqını mənimsəmək siyasəti yürüdürdülər.
Azərbaycan isə tarix boyu belə siyasətin əleyhinə olub. Bu baxımdan, 9 Mayın yalnız hansısa dövlətə aid bayram kimi təqdim olunması düzgün yanaşma deyil.
Bu tarix, əslində, dünyanın mütərəqqi qüvvələrinin faşizm ideologiyası üzərində qələbəsini təsbit edən mühüm bir hadisədir. Sonrakı aylarda alman faşizmi ilə yanaşı, yapon militarizmi üzərində də qələbə qazanıldı və bununla İkinci Dünya müharibəsi tam şəkildə başa çatdı.
Doğrudur, sonrakı dövrlərdə Vyetnam, Əfqanıstan, Kamboca və digər bölgələrdə müharibələr davam etdi, ideoloji qarşıdurmalar yaşandı. Amma bir həqiqət dəyişmədi: Böyük Vətən müharibəsində döyüşən Azərbaycan oğul və qızlarının əsas amalı öz vətənini, ailəsini və gələcəyini qorumaq idi. Bu, xatirələrdə və veteranların müsahibələrində də tez-tez vurğulanır.
Onlar deyirdilər ki, “biz ana vətənimizi, evlərimizi, ailələrimizi və uşaqlarımızı qoruyurduq”. Məhz bu qorumaq əzmi, xalqa məxsus dəyərləri müdafiə etmək qətiyyəti nəticə etibarilə 9 May Qələbəsini mümkün etdi. Düşünürəm ki, bu tarix bizim xalqımıza da aid olan mühüm bir yaddaşdır və heç vaxt unudulmamalıdır.
Ən vacib məsələ isə gələcək nəsillərə bu hadisələri sadəcə tarixi fakt kimi deyil, həm də xeyirlə şərin mübarizəsi, insanlığın və dəyərlərin müdafiəsi uğrunda aparılan savaş kimi çatdırmaqdır. Bu baxımdan media nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşür”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli :

“Ötən əsirdə 9 May - Faşizm üzərində Qələbə Gününü qeyd edən insanların olması təbii idi. Amma bunun böyük kütlələr tərəfindənmi, yoxsa daha məhdud çevrələr tərəfindənmi qeyd olunduğunu birmənalı şəkildə söyləmək çətindir.
Hər halda əvvəlki dövrlərlə müqayisədə bu münasibətdə müəyyən azalma hiss olunur. Bu isə əlbəttə ki, kimlərinsə faşizmə haqq qazandırması anlamına gəlmir. Çünki faşizm bütün hallarda qəbul edilməz bir ideologiyadır.
Ancaq burada başqa bir məqam da var: faşizm üzərində qələbəni qeyd edən bəzi dövlətlərin, o cümlədən keçmiş SSRİ-nin özünün də kifayət qədər imperialist maraqları olub. Həmin imperial siyasət çərçivəsində bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına münasibətdə ədalətsiz yanaşmalar sərgilənib”.
Tarixçi əlavə edib ki, bu baxımdan yanaşdıqda, faşizm üzərində qələbə məsələnin bir tərəfidirsə, Sovet Rusiyasının həyata keçirdiyi imperial siyasətin özü də ayrıca qiymətləndirilməlidir: “Bütövlükdə İkinci Dünya müharibəsini götürdükdə isə onu böyük bir faciə kimi dəyərləndirmək olar.
Faşizm üzərində qələbəni tam şəkildə bəşəriyyət üçün mütləq və ideal bir qələbə adlandırmaq, məncə, mübahisəli məsələdir. Sadəcə olaraq burada şər qüvvələrdən biri məğlub oldu, digər tərəfdə isə qalib kimi çıxış edən SSRİ də müəyyən mənada öz daxilində başqa bir sərt və imperial siyasət yürüdən güc idi.
Yəni məsələyə daha geniş və çoxşaxəli baxmaq lazımdır. Bu baxımdan, faşizm üzərində qələbəni qeyd edən insanlara da təbii yanaşmaq lazımdır. Çünki müəyyən bir nəsil var ki, onların həyatında 9 May həqiqətən də Qələbə Günü kimi xüsusi yer tutur və onlar bunu səmimi şəkildə qeyd edirlər. Bu, onların yaşadığı dövrün, xatirələrinin və keçdiyi həyat yolunun bir hissəsidir.
Ancaq bu günümüzə və gələcəyimizə baxdıqda, düşünürəm ki, Azərbaycan daha çox öz milli kimliyi, dövlətçilik ənənələri və Türk dünyasının birliyi üzərində köklənməlidir. Bizim gələcəyimiz də daha çox bu istiqamətdə qurulmalıdır.
Yəni biz öz tariximizdə Azərbaycan xalqının və ümumilikdə Türk dünyasının qazandığı böyük qələbələrə, dövlətçilik ənənələrinə və tarixi uğurlarına daha çox diqqət yetirməliyik. Çünki bizim gələcəyimiz yalnız 9 May və faşizm üzərində qələbə anlayışı üzərində qurula bilməz. Azərbaycan tarixində böyük zəfərlər, böyük dövlətçilik nümunələri və güclü tarixi şəxsiyyətlər olub. Məncə, daha çox onlara söykənməli və gələcəyimizi həmin dəyərlər üzərində formalaşdırmalıyıq”.
Ayhan
12:36 09.05.2026
Oxunuş sayı: 77