Belçikalı nazir: Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil
Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib ki, Avropanın təhlükəsizlik arxitekturası Türkiyəsiz təsəvvür oluna bilməz və Ankara bu sistemin ayrılmaz hissəsidir.
Crossmedia.az xəbər verir ki, nazir bu fikirləri “Anadolu”ya müsahibəsində səsləndirərək Türkiyəni strateji və əvəzolunmaz tərəfdaş kimi xarakterizə edib. O qeyd edib ki, Türkiyə həm NATO müttəfiqi, həm də Avropa İttifaqına namizəd ölkə olaraq qitənin təhlükəsizliyində mühüm rol oynayır.
Açıqlama mayın 10–14-də Belçika Kraliçası Matildanın rəhbərlik etdiyi genişmiqyaslı iqtisadi missiya ərəfəsində verilib. Təxminən 400 nəfərlik nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı sosial təminat, nəqliyyat, logistika, müdafiə və aerokosmik sahələrdə təxminən 40 sazişin imzalanması gözlənilir.
Maksim Prevost vurğulayıb ki, Belçika Türkiyə ilə ticarət əməkdaşlığını genişləndirməyi hədəfləyir. Onun sözlərinə görə, Türkiyə Belçikanın Avropa İttifaqından kənarda ən böyük beş ixrac bazarından biridir və müdafiə sənayesi son illərdə sürətlə inkişaf edib.
Nazir, həmçinin Avropa İttifaqı ilə Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsinin vacibliyini qeyd edib və mövcud iqtisadi çərçivənin yenilənməsinə ehtiyac olduğunu bildirib.
12:28 09.05.2026
Oxunuş sayı: 50