Türkmənistanda Heydər Əlievin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Azərbaycan-Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri" mövzusunda tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəl institutun foyesində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra təhsil müəssisəsinin akt zalında Heydər Əliyevin həyatına həsr olunmuş və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx nümayiş etdirilib.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov tədbir çərçivəsində "Azərbaycan–Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri" mövzusunda mühazirə ilə çıxış edib. Səfir Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursuna, həmçinin Azərbaycan–Türkmənistan münasibətlərinin tarixi və strateji əsaslarına xüsusi diqqət yetirib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda region ölkələri ilə, xüsusilə ortaq tarixi və mənəvi dəyərləri bölüşən qardaş dövlətlərlə münasibətlər mühüm strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan qardaş Türkmənistanla əlaqələr həmin siyasi xəttin əsas istiqamətlərindən birini təşkil edib. Heydər Əliyev Xəzər regionunu əməkdaşlıq və sabitlik məkanı kimi dəyərləndirir, dövlətlərarası etimadı əsas şərt hesab edirdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında formalaşmış, siyasi dialoqun möhkəm təməli qoyulmuş və strateji əməkdaşlıq üçün dayanıqlı zəmin yaradılmışdır. Bu gün mövcud yüksək səviyyəli əlaqələr həmin siyasi kursun davamı kimi inkişaf edir.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq nəticəsində 2017-ci ildə imzalanmış "Strateji tərəfdaşlığa dair Bəyannamə" iki ölkə arasında münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmiş, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün mühüm platforma yaradıb. Bu sənədin imzalanmasından sonra Azərbaycan–Türkmənistan münasibətləri ardıcıl şəkildə inkişaf edib, xüsusilə son illər iki ölkə prezidentləri İlham Əliyev və Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində daha da dərinləşərək, yeni inkişaf mərhələsinə yüksəlib.
Q.Gözəlov çıxışında 2025-ci ildə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana və Qurbanqulu Berdiməhəmmədovun Bakı, Qarabağ və Qəbələyə səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, qeyd olunub ki, 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Türk dünyasında əməkdaşlığın daha da güclənməsinə xidmət edib. Səfir eyni zamanda, ölklərimiz arasında iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndiyini, xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizi və enerji layihələrinin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Bununla yanaşı, Azərbaycan–Türkmənistan münasibətlərinin elm, təhsil və mədəniyyət sahələrində də dinamik inkişaf etdiyi, qarşılıqlı mədəniyyət günləri, universitetlərarası, o cümlədən Azərbaycanın ADA Universiteti ilə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin xalqlar arasında əlaqələri daha da möhkəmləndirdiyi qeyd olunub. Elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində, eyni zamanda, "Study in Azerbaijan" proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xüsusi təqaüd proqramının Türkmənistan vətəndaşlarına Azərbaycanda tam maliyyələşdirilən təhsil almaq imkanı yaratdığı vurğulanıb.
Mühazirə sual-cavab sessiyası ilə davam edib, tələbələrin sualları cavablandırılıb.
Tədbirdə İnstitutun prorektoru Qayqısız Dövletov, professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Sonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət dastanı" poemalar kitabının türkmən dilinə tərcümə olunmuş ("Ebedilik dessany") nəşri tələbələrə təqdim edilib.
21:18 08.05.2026
Oxunuş sayı: 39