Geosiyasi

Türkiyənin Afrika siyasətində uğurlar - Analitik təhlil

Bilindiyi kimi, Somali Federativ Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası bir birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bəyan ediblər, fikir ayrılıqlarını və mübahisəli məsələləri geridə qoymaq və ümumi rifah naminə əməkdaşlıq üçün irəliləmək barəsində razılığa gəliblər.
Bu razılaşmanın əldə edilməsində isə Türkiyənin vasitəçiliyi olduqva əhəmiyyətli rol oynayıb və hər iki ölkə arasında imzalanmış Ankara bəyannaməsində öz əksini tapıb. 
Somali ilə Efiopiya liderləri bir-birlərinin suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Afrika İttifaqının Təsis Müqaviləsində təsbit olunmuş prinsiplərə hörmət və sadiqliklərini bir daha təsdiq edibər.
Sənədə əsasən, Somali Afrika İttifaqının əməliyyatlarında Efiopiya əsgərlərinin itkisini etiraf edir. Tərəflər Somali Federativ Respublikasının ərazi bütövlüyünə hörmət etməklə, Efiopiyanın dənizə təhlükəsiz çıxışı və dənizdən çıxışından əldə edə biləcək potensial faydaları tanıyırlar.
Bəyannamədə bildirilir ki, Efiopiya ilə Somali  ikitərəfli razılaşmalar əsasında, Somali Federativ Respublikasının suveren hüquqları çərçivəsində, Efiopiya Federativ Demokratik Respublikasının dənizə etibarlı və təhlükəsiz çıxışdan faydalanmasına imkan verəcək müqavilələr, qarşılıqlı faydalı icarə və ticarət  sazişlər imzalamaq məqsədilə yaxından əməkdaşlıq, eləcə də 
Türkiyənin köməyi ilə, 2025-ci ilin fevral ayının sonundan gec olmayaraq  bu məqsədlər üçün texniki danışıqlara başlamaq və danışıqları 4 ay ərzində başa çatdıraraq yekun sənədi imzalamaq barəsində  razılığa gəliblər.
Əslində Türkiyə prezidentinin birbaşa iştirakı ilə əldə edilən bu razılaşma olduqca ciddi məqamlardan xəbər verir. Məsələ yalnız keçən əsrin 60-cı illərindən miras qalan və sözügedən iki ölkə arasında yüzminlərlə insanın ölümü və ya yurdlarından didərgin düşmələrinə səbəb olan qanli müharibənin bitməsindən getmir, eyni zamanda diqqət çəkən əsas məqam bu qanlı münaqişə ocağının məhz Türkiyənin vasitəçiliyi ilə sonlandırılmasıdır. Baxmayaraq ki, soyuq müharibə dövründən bugünümüzədək davam edən bu konflikt zaman-zaman kənar qüvvələrin imperialist və geosiyasi maraqları doğrultusunda hər zaman istifadə edilmək üçün əlverişli alətə çevrilmişdi. 
Bu gün tam mübaliğəsiz demək mümkündür ki, Türkiyənin Afrika açılımı artıq öz bəhrələrini verir. Fransaya ard-arda bir çox ciddi əhəmiyyətə malik qitə ölkələrinin, yumuşaq desək çıxış qapısını göstərməsi ilə Türkiyənin bölgədə aktivliyini artırması isə, qardaş ölkənin qlobal gücə çüvrilmək yolunda olduqca əhəmiyyətli addımı kimi qiymətləndirilə bilər. 
Ümumiyyətlə Türkiyənin Afrika siyasəti son illərdə regional və qlobal səviyyədə diqqət çəkən ən əhəmiyyətli xarici siyasət təşəbbüslərindən biridir. Bu siyasət müxtəlif siyasi, iqtisadi və mədəni vasitələrdən istifadə edərək, Türkiyənin Afrika qitəsində təsirini artırmaq məqsədi güdür. Türkiyənin uğurlu Afrika siyasəti eyni zamanda qlobal gücə çevrilmək istiqamətində önəmli addımdır. 
Afrika qitəsi təbii resurslar, sürətlə böyüyən bazar potensialı və geostrateji əhəmiyyəti ilə XXI əsrin ən cazibədar bölgələrindən birinə çevrilir. Türkiyə bu regiona istiqamətlənən siyasətini 2005-ci ildə “Afrika İli” elan etməklə daha da intensivləşdirdi. Afrika ilə münasibətlərin dərinləşdirilməsi Türkiyənin “Genişlənmə və Diversifikasiya” xarici siyasət strategiyasının bir hissəsidir.
Bu mənada Türkiyə son illərdə Afrika ölkələri ilə siyasi və diplomatik əlaqələrini əhəmiyyətli dərəcədə inkişaf etdirir.
2002-ci ildə Türkiyənin Afrikada cəmi 12 səfirliyi var idisə, bu rəqəm 2023-cü ildə 44-ə çatıb. Bu, Türkiyənin qitənin demək olar ki, bütün bölgələri ilə birbaşa diplomatik əlaqələr qurmaq istəyini göstərir.
Türkiyə, Afrika Birliyi ilə strateji tərəfdaşlıq əlaqələri quraraq, müxtəlif iqtisadi və inkişaf layihələrində yaxından iştirak edir. Bundan əlavə, Afrika ölkələri BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Türkiyəni dəstəkləyir.
Afrika Türkiyə üçün təkcə siyasi tərəfdaş deyil, həm də iqtisadi əməkdaşlıq baxımından böyük potensiala malik regiondur.
Türkiyənin Afrika ölkələri ilə ticarət dövriyyəsi 2003-cü ildə 5 milyard dollar idisə, bu rəqəm 2023-cü ildə 40 milyard dollara yaxınlaşdı. Əsas ticarət tərəfdaşları Misir, Cənubi Afrika, Nigeriya və Əlcəzair kimi ölkələrdir.
Türk şirkətləri Afrikada müxtəlif infrastruktur, enerji və tikinti layihələrində iştirak edirlər. Məsələn, yol və körpülərin tikintisi, su təminatı və enerji layihələri, hava limanlarının modernləşdirilməsi
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Afrikada kənd təsərrüfatı, səhiyyə və təhsil kimi sahələrdə çoxsaylı layihələr həyata keçirir.
Türkiyənin Afrikadakı uğurlarında humanitar və təhsil diplomatiyası xüsusi rol oynayır. Bu, Türkiyənin yumşaq gücünü artırmaqda mühüm vasitədir.
Eyni zamanda Türkiyə Hökuməti tərəfindən təqdim olunan təqaüd proqramları Afrikalı gənclər üçün Türkiyədə təhsil almaq imkanı yaradır. Bu isə gələcək liderlərin Türkiyəyə rəğbət bəsləməsinə səbəb olur.
Türkiyə xüsusilə Somali kimi humanitar böhran yaşayan ölkələrdə xəstəxanalar tikir və tibbi yardımlar göstərir.
Afrikada təhlükəsizlik məsələləri Türkiyə üçün həm humanitar, həm də geostrateji baxımdan əhəmiyyət kəsb edir. Türkiyə müxtəlif Afrika ölkələrinə hərbi təlimlər və texniki dəstək göstərir. Misal üçün, Somalidə Türk Hərbi Təlim Akademiyası yaradılıb.
Türkiyə Afrika qitəsində sülh proseslərinə dəstək verərək beynəlxalq nüfuzunu artırır. Somalidəki humanitar və təhlükəsizlik yardımları buna bariz nümunədir.
Lakin Türkiyə Afrika siyasətində ciddi uğurlar əldə etsə də, bəzi maneələr də mövcuddur. Çin və Avropa İttifaqı kimi böyük oyunçularla rəqabət, Afrika ölkələrindəki daxili siyasi sabitsizlik, infrastruktur layihələrinin davamlılığı ilə bağlı çətinliklər bunlardan ən önəmliləridir. 
Türkiyə Afrika siyasəti ilə həm iqtisadi, həm də siyasi baxımdan qlobal güc statusunu gücləndirməyi bacarır. Diplomatik təşəbbüslər, iqtisadi layihələr və humanitar yardımlar Türkiyənin Afrika qitəsində müsbət imic qazanmasına səbəb olur. Lakin uzunmüddətli uğur üçün bu siyasətin davamlılığı və rəqabət mühitində üstünlüyün qorunması vacibdir.

Vüqar Zifəroğlu

Cross Media Təhlil Mərkəzinin analitiki

Yaxın Şərq Məsələləri üzrə ekspert

 

11:48 24.12.2024

Oxunuş sayı: 11741

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR