İran siyasətində görünməyən xəttlər – Qalibafın istefa xəbərlərinin arxa planı
İran siyasi gündəmi son günlərdə ziddiyyətli məlumatlarla diqqət çəkir. Parlamentin sədri Məhəmməd Baqir Qalibafın istefa verdiyinə dair yayılan xəbərlər qısa müddətdə geniş rezonans doğursa da, rəsmi mənbələr tərəfindən bu iddiaların təkzib olunması ölkə daxilində informasiya axınının nə qədər qeyri-sabit və çoxqatlı olduğunu bir daha göstərdi.
Bu hadisə yalnız fərdi bir vəzifə dəyişikliyi məsələsi deyil, eyni zamanda İran siyasi sistemindəki daxili dinamikanın və fikir ayrılıqlarının növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Belə xəbərlərin yaranması və ardınca təkzib edilməsi, xüsusilə həssas geosiyasi proseslərin fonunda, İran daxilində müxtəlif güc mərkəzləri arasında gedən mübarizənin informasiya müstəvisinə də sirayət etdiyini göstərir.
Bu baxımdan Qalibafla bağlı yayılan məlumatlar təkcə bir şəxsin siyasi taleyi ilə deyil, ümumilikdə ölkənin daxili siyasi tarazlığı və xarici siyasət kursu ilə bağlı daha geniş suallar doğurur.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son günlər müəyyən informasiyalar yayılsa da, daha sonra onların təkzib edildiyini gördük. Ümumiyyətlə, ABŞ-la aparılan danışıqlar kontekstində iki əsas fiqur xüsusi diqqət çəkir: Arakçı və Qalibaf. Lakin məsələ yalnız şəxslərlə məhdudlaşmır.
İranın siyasi sistemi digər dövlətlərdən ciddi şəkildə fərqlənir və burada son qərarı nə parlament, nə prezident, nə də digər institutlar verir. Əsas və həlledici söz sahibi ali dini liderdir ki, hazırda bu vəzifəni Ayətullah Əli Xamenei tutur.
Son dövrlərdə səsləndirilən bəzi açıqlamalar, xüsusilə İsrail tərəfindən verilən bəyanatlar İran daxilində ABŞ-ın sülh təşəbbüslərinə inamı xeyli zəiflədir.
Bu cür ritorika ölkə daxilində danışıqlara qarşı olan qüvvələrin daha da güclənməsinə səbəb olur. Ümumiyyətlə, İran daxili ziddiyyətlərin kifayət qədər dərin olduğu bir ölkədir və bu ziddiyyətlər zahirdə göründüyündən daha mürəkkəbdir.
Məsələn, danışıqların başlanacağı elan edilən dövrdə İran əvvəlcə bu prosesi tam şəkildə inkar edir, lakin sonradan məlum olur ki, qeyri-rəsmi kanallar vasitəsilə müəyyən təmaslar mövcuddur.
Daha sonra isə müxtəlif görüşlərin, o cümlədən Pakistan platformasının gündəmə gəlməsi bu prosesin mərhələli şəkildə aparıldığını göstərir. Rəsmi olaraq ölkə daxilində siyasi və hərbi qüvvələr arasında fikir ayrılığının olmadığı bildirilsə də, reallıqda fərqli yanaşmalar mövcuddur. Hətta bəzi dini dairələr belə bunu dolayısı ilə etiraf edirlər.
Əsas fikir ayrılıqları ABŞ-la dialoqun aparılıb-aparılmaması, eləcə də regiondakı təsir alətlərindən, xüsusilə Livan və “Hizbullah” faktorundan imtina edilib-edilməməsi ilə bağlıdır.
Bir qrup hesab edir ki, bu istiqamət İran üçün artıq ciddi yükə çevrilib və gözlənilən nəticələri verməyib. Digər tərəf isə bildirir ki, illərlə və milyardlarla vəsait sərf olunan bu strategiyadan asanlıqla geri çəkilmək mümkün deyil.
Digər maraqlı məqam isə müəyyən paradokslarla bağlıdır. Belə ki, İranın ABŞ-la apardığı danışıqlar bəzən “strateji zərurət” kimi qiymətləndirilir, lakin İsrailin Livanla apardığı təmaslar “siyasi xəyanət” kimi təqdim olunur. Bu isə mövcud fikir ayrılıqlarının daha da dərinləşəcəyini göstərir.
Şəxsi qənaətimə görə, bu danışıqların real və davamlı nəticə verəcəyinə inam zəifdir. Nə ABŞ, nə də İsrail uzun illər ərzində əldə etdikləri strateji üstünlüyü asanlıqla itirmək niyyətində deyil.
Bu baxımdan, İsrailin İrana qarşı təzyiqləri davam edəcək və nəticə etibarilə İran əvvəlki İran olmayacaq. Hətta müəyyən razılaşmalar əldə olunsa belə, fərqli bir İran modeli ilə qarşılaşacağımız ehtimalı yüksəkdir. Təbii ki, bütün bunların necə inkişaf edəcəyini zaman göstərəcək".
Elmir Heydərli
16:00 25.04.2026
Oxunuş sayı: 59